"Şimal-Cənub dəhlizi Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək" - Rusiya Prezidenti

1 Sentyabr 2018 20:43 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışə zamanı deyib.

Onun sözlərinə görə, "bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir",- deyə V.Putin bildirib.

Rusiya Prezidenti görüş zamanı regionlararası əməkdaşlıq mövzusunun da müzakirə olunduğunu deyib:

"Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək. Bayaq müzakirə etdik ki, bu tədbir Gəncədə planlaşdırılmışdı, amma ola bilər dostlarımız bunu Bakıda təşkil etsinlər".

AzNews.az