Seçmə mərhələ oyunlarının təqvimi müəyyənləşdi

29 Mart 2013 11:31 (UTC+04:00)
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının I seçmə qrup mərhələsində oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq qarşılaşmalara mayın 24-də start veriləcək.

Həmin gün komandamız ev sahibləri ilə qarşılaşacaq. Bir gün sonra Hollandiya ilə oynayacaq voleybolçularımız son görüşünü Bosniya və Herseqovinaya qarşı keçirəcək.

24 may
20:00. Azərbaycan – Xorvatiya
22:30. Hollandiya – Bosniya və Herseqovina

25 may
20:00. Xorvatiya - Bosniya və Herseqovina
22:30. Hollandiya – Azərbaycan

26 may
20:00. Bosniya və Herseqovina - Azərbaycan
22:30. Xorvatiya – Hollandiya

Qeyd edək ki, bu mərhələdə aşağı reytinqli komandalar oynayırlar. Reqlamentə görə, 7 qrupun qalibləri birbaşa III mərhələyə yüksələcək. İkinci yeri tutanlar oktyabrın 2-6-da keçiriləcək II mərhələdə daha 1 vəsiqənin sahibini müəyyənləşdirəcək. III mərhələdə bu 8 komandaya CEV-in reytinqinə görə ən yüksək yerə sahib 12 yığma da qoşulacaq.

Bu isə o deməkdir ki, III mərhələdə 20 yığma mübarizə aparacaq. Belə ki, Avropa Voleybol Konfederasiyasının yeni qərarına əsasən qitə çempionatında ilk 2 yeri tutacaq komanda birbaşa mundiala yüksələcək. Bu səbəbdən də onların III mərhələdə oynamasına ehtiyac olmayacaq.

Həmin mərhələdə kişilər 7 vəsiqə uğrunda mübarizə aparacaq. Bu da onunla bağlıdır ki, 2014-cü ildə Polşada olacaq dünya çempionatında Avropaya 9 kişi yığması üçün yer verilib.

AzNews.az