İnstitutda korporativ loqonun müəyyən edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə, AMEA–nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağıyevdən ibarət komissiya təşkil edilib.
AzNews.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutu tərəfindən elan olunmuş loqo müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış komissiyanın 8 avqust 2018 – ci il tarixdə iclası keçirilib. İclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb.
Komissiya üzvlərinin yekdil rəyinə görə, K.Məmmədzadənin təqdim etdiyi nümunə Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və məramını daha yaxşı əks etdirib. Belə ki, multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn “insan” simvolu Tanrı ilə ünsiyyəti, “kitab” - elmin əsas qaynağını, “zeytun budağı” isə sülhü və mənəviyyatı ifadə edir.
Beləliklə, loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Könül Məmmədzadəyə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən 3 sentyabr 2018 – ci il tarixdə mükafat təqdim olunub.
AzNews.az