Ermənilər bizim saytlarda nə axtarırlar? - Rəylər

3 Sentyabr 2018 14:56 (UTC+04:00)

Bəs görəsən bunun səbəbi nədir?

Turkustan.info-nun baş redaktoru Aqil Camal bildirdi ki, onların saytına da ermənilərin girişi artıb: “Son dövrlərdə istər bölgədə, istərsə dünya siyasətində proseslərin aktiv fazaya keçməsi, istər-istəməz maraqlı dövlətlərin gündəmini izləmək ehtiyacı yaradıb. Eynilə biz hazırda qeyri-müəyyən yola çıxmış Ermənistanın, ABŞ-la münasibətləri gərginləşmiş Türkiyənin gündəmini izləyirik. Bu baxımdan son dövrlər bizimlə münaqişəli dövlətin toplumunun Azərbaycan mediasını daha dinamik şəkildə izləməsi faktı da bu qəbildəndir. Bu aktivlik bizim saytda da hiss olunur. Daha çox Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindən girişlərlə bağlı faktlar var. Hesab edirəm ki, ermənilərin Azərbaycan gündəminə son dövrlər artan marağı daha çox Azərbaycan-Rusiya münasibətlərinə dair mövzularla bağlıdır. Xüsusilə, Azərbaycanın KTMT-na üzvlüyü məsələsinin gündəmə gətirilməsi, Xəzərin statusu ilə bağlı anlaşma, Azərbaycan Prezidentinin Soçidə Rusiya lideri ilə görüşü, həmçinin, Almaniya kanslerinin İrəvandan sonra Bakıya səfəri. Bütün bunlar ermənilərin maraqlandığı məsələlərdir”.

Mövzu ilə bağlı media eksperti Azər Həsrətlə də danışdıq.


O, bildirdi ki, Dağlıq Qarabağ və Ermənistanda yaşayan ermənilərin çoxu bizim dili bilir. Buna görə də, həmin şəxslərin Azərbaycan saytlarını izləmə imkanları bizim erməni saytlarını izləmək imkanımızdan daha yüksəkdir. Ermənistanda siyasi məsələlərlə maraqlanan əhalinin bizim medianı izləməsi təəccüblü deyil. Son vaxtlar bu artımın olmasına səbəb isə Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ və ətrafındakı münaqişə ilə bağlı məsələlərə bir az fərqli kontekstdə baxılır. Ermənistanın özündə də ictimai rəydə ümid yaranıb ki, bəlkə hansısa bir həll yolu tapılacaq. Buna görə də Azərbaycanın mövqeyi onlar üçün çox maraqlıdır. Yəni Paşinyan bəyan edib ki, biz bu münaqişəni mütləq sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Belə bir variantın baş tutmağı ermənilər üçün çox əlverişlidir. Çünki onlar başa düşürlər ki, Dağlıq Qarabağ və digər işğal altında olan rayonlarda münaqişə yenidən qızışsa, onlar öləcək. Lakin onlar daha ölmək istəmirlər. Ermənistanda verilən bəyatanlara Azərbaycanın mövqeyinin necə olması onlarda maraq doğurur və bu baxımdan ən doğru xəbəri bizim saytlardan ala biləcəklərini düşünürlər. Ermənistan kəşfiyyatı təbii ki, daimi olaraq Azərbaycanın bütün internet resurslarını gündəlik ələk-vələk edir, informasiyalar toplayır. Hətta sosial şəbəkələrdə insanların əhval-ruhiyyəsi ilə bağlı hesabatlar hazırlayır və bu hesabatları müvafiq dövlət qurumlarına təqdim edir. Bu üsuldan tək Ermənistan deyil, ABŞ-ın mərkəzi kəşfiyyat idarəsi və ayrı-ayrı dövlətlərin kəşfiyyat xidmətləri də istifadə edir”.

“Səhər yuxudan oyananda ilk olaraq erməni saytlarına girirəm”

Bu sözləri AzNews.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayılov deyib.
“Ermənilərin Azərbaycan saytlarına girməsi çox təbiidir. Daha çox Xankəndi ərazisindən girmələrinin əsas səbəbi isə Xankəndində yaşayan ermənilərin Azərbaycan dilini bilməsidir. Onların bizim saytlara girmələrində əsas məqsəd bizim hansı ovqatda olduğumuzu, əhalinin nələr düşündüyünü və jurnalistlərin nələr yazdığını görməkdir. Mətbuat açıq mənbədir, açıq mənbələrdəki bir həftəlik və ya bir aylıq məlumatları oturub təhlil edirlər. Son nəticə olaraq arayışlar yazıb təqdim edirlər ki, Azərbaycanda son bir ayda bu işlərlə məşğuldurlar, mətbuatda Qarabağ məsələlərinə bu qədər yer verilib və s.”.

Nigar CƏFƏR
AzNews.az