- Ədəbiyyatımızın indiki durumu ilə bağlı nə deyə bilərsiniz?
- Hazırda özüm ədəbiyyatqəzeti.az saytının redaktoruyam. Əgər əvvəllər ədəbi mühitə kənardan baxırdımsa, sırf yaradıcılığımla məşğul olurdumsa, indi tam olaraq bu işin içindəyəm. Yazıların paylaşımından, insanların rəylərindən, yazılara reaksiyalarından artıq hər şeyi daha yaxşı görürəm. Daha doğrusu, adekvat cavab verməyə çalışıram. Bu gün ədəbiyyat qaynayır, amma həmişə olduğu kimi iki cəbhədə inkişaf edir. Çox səthi, dərin məna qatına malik olmayan ədəbi nümunələr də yaranır – biz buna ənənəçilik də deyə bilərik. Hətta həmin insanlar həyat tərzinə, özlərini aparmasına, danışığına qədər eyni şeyləri öz yazılarına yansıdırlar. Daha kübar, daha elit bir yol da var ki, onlar da çox vaxt bu ənənəçiliyə gedən insanlar tərəfindən daşqalaq olunur, bəyənilmir. Ortalığa da çox bəsit mübahisələr düşür. Əslində həmin insanlar anlamırlar ki, söhbət janrın növündən və ya üslubundan getmir, yazdığın əsərin məna qatından gedir. Həmin o məna qatına fikir verənlərin sayı azalıb. Mükəmməl olmaq üçün, ilk növbədə, tənqidi eşitməyi, ikincisi də səhvlərini görüb üzərində işləməyi bacarmaq lazımdır.
Cəmiyyətdə olduğu kimi, ədəbi mühitdə də hər cür xarakterli insanlar var. Mən özüm həmişə çalışıram ki, mübahisələrdən qaçım, yersiz polemikalara getməyim. Çünki sırf ədəbiyyatla məşğulam. İndiki dövrdə sosial şəbəkələr insanlara meydan açıb, amma onların çoxu klaviatura arxasında şirə, pələngə dönürlər, bir-birinə nalayiq sözlər, ittihamlar ünvanlayır, qəsdən sataşırlar. Bir var həqiqi tənqid olsun, araşdırma olsun, filan əsər, filan yazı “niyə pisdir”, “niyə yaxşıdır” sualına cavab verilsin, bir də var, sadəcə gündəmdə qalmaq üçün məqsədyönlü şəkildə şəxslərə sataşılsın. Bu, gülünc görünür.
Ədəbiyyat, mətn estetik haldır, gözəl, yüksək bədii zövq deməkdir. Əgər şəxs, qələm adamı bu ədəbi ləzzəti yazıları ilə ötürə bilmirsə, məncə ədəbiyyatda vaxt itirməməlidir. Bəlkə o, başqa sahədə daha böyük işlər görə bilər. Axı tamadalıq, poeziya deyil.
- Gənc nəsildən kimlərin qələmini bəyənirsiniz?
- Ad çəkmək istəmirəm, ancaq istedadlı gənclərimiz çoxdur, ciddi əsərlər ortaya qoyurlar. Xüsusilə onlar poeziyada diqqət çəkirlər. Nəsr yazarlarımız isə nisbətən azlıq təşkil edir. Yəni poeziyada maraqlı qələm sahibləri yetəri saydadır. Prozada isə çərçivə daralır.
Belə bir araşdırma etmişdim bir zamanlar, “Ədəbiyyat qəzeti”ndə yayımlanmışdı esse olaraq. Sovetlər dönəmində necə ki, “üçüncü sort” ölkə kimi həmişə qidanın ən keyfiyyətsiz növü bizə göndərilirdi, eləcə də düşünən beyinlərimiz əlimizdən alınaraq, "aşağı sort" müəlliflər üçün meydan açılırdı. Həmin şəxslər rahatlıqla dərsliklərə düşürdülər, tirajlanırdılar. Əsl qələm adamları, həqiqəti dilinə alanlar, əsl ədəbiyyat estetləri sürgünə göndərilirdi, güllələnirdi. Bax bu, dəhşətlidir. Sovetlərdən bizə çox şey miras qaldı – yaltaqlıq, ikiüzlülük və.s. Halbuki biz bir zamanlar gül-bülbül ədəbiyyatını oxuyanda rus oxucusu, dünya klassiklərinin əsərləri ilə beynini qidalandırırdı. Bütün bunlar dolayı şəkildə cəmiyyəti də formalaşdırır. Yəni kitabdan qorxmaq lazım deyil. Normal cəmiyyət olaraq yüksəlmək istəyiriksə, yolumuz kişinin mədəsindən yox, kitabdan keçməlidir (sualınız nə idi sizin,unutdum?)”
- Oxucu qıtlığı gündəmdə olan gileydir...
- Təkcə məktəb dərsliyinin yönləndirdiyi kitabları, ədəbiyyatı oxumaqla “mən vaxtilə çox oxumuşam, o qədər kitab oxumuşam ki” deyənlər var. İnsan mənəvi aclıq hiss etməlidir, insan axtarışda olmalıdır. Əslində cəmiyyətimizdə, şəxslərin həyatında natamamlıq var. Biz ailə münaqişələrinə, adi sürücü sərnişin, satıcı, alıcı, valideyn, övlad. Müəllim, tələbə, həkim pasient arasındakı münasibətlərə nəzər salaraq bu narahatlığı qabarıq şəkildə görə biləcəyik. Bəs, Azərbaycan insanı nə etməlidir? Bəli, danılmaz faktdır ki, Azərbaycan insanının – bir qismi, bəlkə də tam yarısı, bəlkə də çox faizinin başı iqtisadi durumuna qarışıb. Ailə var, uşaqlar var, yaşamaq, dolanmaq lazımdır. Bəlkə də bu ağır durumu yaşayanların yanında kitabdan, teatrdan danışmaq banal, gülməli görünər.
İkinci xətt şəxslər vardır ki, imkanlıdırlar, maddi cəhətdən, amma bu mənəvi aclığı hiss etmirlər. Hiss etdikləri mənəvi boşluğu isə əşyalarla doldururlar. Acınacaqlıdır. Əslində, belələri pul kisəsindən başqa şey deyillər. Yəni kitaba, teatra meyillənməyən, təhsilə barmaqarası baxan şəxslər heç vaxt elita ola bilməz. Elita bizik – həqiqi ədəbiyyat təəssübkeşliyi olan, xalqın ən azından düşüncələrinə təsir etmə imkanına malik olan, kitablardan gələn, eyni etikanı sözdə deyil, özdə -əməldə cəmiyyətdə tətbiq edən şəxslər.
Ümumiyyətlə, kitabdan uzaqlaşdıqca xurafat üstümüzə yeriyəcək. Bu o demək deyil ki, oxuyan cəmiyyətlərdə “no problem”. Yox, sadəcə oxumayan cəmiyyətlərdə problemlər daha dərin olur. Yəni dərdimiz bəllidir, qalır müalicəsi.
- Xarici ədəbiyyatı tövsiyə edərdiniz, yoxsa yerli ədəbiyyatı?
- Niyə ki, yerli ədəbiyyatımızda fundamental əsərlər ortaya qoyan insanlar olub. Hüseyn Cavidi, Əli Bəy Hüseynzadəni oxumaq lazımdır. Çoxdur belələri. Elə klassiklərimizdən Nizami Gəncəvini, Bəhmənyarı, Nəsirəddin Tusini oxumaq lazımdır. Müasirlərimizin də sırasında oxunaqlı mətnlər var. Dünya klassiklərini oxusunlar həm də. Höteni oxusunlar, Bulqakovu oxusunlar. Əlbəttə, Höteyə, Şillerə, Nitsşeyə qədər daha bəsit oxu nümunələrindən başlasınlar. Çünki oxu hazırlığı olmadan adlarını hallandırdığım müəllifləri oxumaq, elə oxumamaq deməkdir.
Bu yaxınlarda kitab mərkəzinin açılışı oldu. Əslində, bütün bu tənqidlər ki var, yaxşı haldır. Vaxtilə muğamımız haqda tənqidi fikirlər vardı, unudulurdu. Lakin, sözlər havaya deyilmədi. Biz muğamın dirçəlişini görə bildik. Pessimist danışmayaq, kitaba qayıdış var və zamanla hər şey yaxşıya doğru dəyişə bilər. Bu, bizdən asılıdır.
- İnsanlar daha çox hansı tipli əsərlərə üstünlük verirlər?
- Mən həm də təhsil işçisiyəm. Tələbələrimiz var ki, gəlir, məsələn, ancaq eyni adları, tirajlanmış müəlliflərin əsərlərini soraqlayırlar. Nə yazıq ki, axtarış etmirlər, üzərlərində işləmirlər. Alman fikir adamı Norbert Hinskenin sözüdür, deyir: “Cəmiyyətdə hamı eyni cür düşünürsə, deməli, heç kim düşünmür”. Çox yerində və haqlı deyilmiş sözdür. Hamının eyni yazara üz tutması, hamının eyni kitablara müraciət etməsi faciədir. İnsan axtarışda olmalıdır. Mən rəfə yaxınlaşanda adlara fikir vermirəm, zövqümə uyğun kitabların axtarışına çıxıram. Qəliblənmiş, sabit düşüncədən qaçmaq lazımdır. Düşüncəni də müasir ədəbiyyatı oxumaqla dəyişmək olar. Bir də məktəblərdən başlamaq lazımdır bu prosesə. Məktəblərdə uşaqların düşüncəsinə düzgün istiqamətdə yönəltmək lazımdır”.
- Gənc yazarların klassiklərə münasibəti necədir?
- İnsanlarla din, ailə dəyərləri, bir də milli-mənəvi dəyərlər haqda danışsan, onlarda qıcıq yaradacaqsan, sinirlərini qıcıqlandırmış olacaqsan. Həmin mövzular sanki toxunulmazdır. Klassik ədəbiyyat savadlı şəkildə yenidən araşdırılmalıdır. Məsələn, Nəsiminin də yenidən araşdırılmasına ehtiyac var. Təkcə Nəsimini deyil, o cümlədən, bütün klassiklərimizi. Axı onlar Sovet kriteriyalarına görə təhlil olunub. O vaxt ateist yanaşma ilə Nəsimini “allahsız”çıxarmışdılar. Amma söhbət allahsızlıqdan getmir ki. Bu, sufi dərinlikdir. Bu haqda danışsaq, gərək səhərə qədər danışaq. Yəni onu demək istəyirəm ki, sağlam tənqid olarsa niyə də yenidən araşdırılma olmasın? Amma daha qaraqışqırıqla yox, sübutla. Məsələn, filan əsər zəifdirsə, niyə zəifdir; ümumiyyətlə, zəif nəyə deyilir, güclü nəyə deyilir – bunlara aydınlıq gətirilməlidir. Əgər doğrudan da yaxşı bir yazı ortaya qoyulacaqsa, o yazı yaxşı məqaləyə də çevriləcək, saytda da qəzetdə də yayımlanacaq.
İndi nədənsə, ədəbi məclislər yoxdur, buna səbəb nədir?
- Mən həm də Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dinləyicisi olmuşam. Biz ikinci buraxılış idik. Ən gözəl, məhsuldar dərs prosesi də bizim zamanımızda olub. Təxminən 50 nəfərə yaxın tələbə idik. Aramızdan barmaqla sayılacaq qədər ədəbiyyatda qalan şəxslər oldu. Orda müxtəlif ədəbi dərnəklər təşkil olunurdu, Niyazi Mehdi, Kamal Abdulla, Tehram Əlişanoğlu kimi müəllimlər bizə dərs keçirdi. Onlar bizə oxunması vacib olan kitabları tövsiyə edirdilər. Kim ki, o tövsiyələrə riayət etdi, onlar bu gün ədəbi mühitdə görünürlər. O dərnəklərdə gənc qələm sahibi peşəkarlar qarşısında şeir deyirdi, əgər hansınınsa qüsuru olurdusa, ona izah edilirdi. Beləcə, gənc yazarlar püxtələşirdi. Amma indi həmin fakültə də yoxdur, mən biləni bu tip ədəbi dərnəklər də yoxdur. Əslində ədəbi məclislər, yaradıcı insanların müzakirə ortamı – dərnək, filan bütün bunlar mütləq olmalıdır. Diskusiya vacibdir. Təhlil etmək, ədəbi savaşmalar yalnız və yalnız inkişafa rəvac verir.
- Ədəbiyyatdan hansı cümlə sizin stimul mənbəyinizdir?
- Bəzən istedadsızların süni şəkildə qabardılması, istedadlıları görməzdən gəlmək adamı incidir. Məsələn, pyesini teatra göndərirsən, yəqin düşünürlər ki, hələ gəncsən. Saçın-saqqalın ağaranda gələrsən. Gülməlidir. Ya da öləsən sonra qabiliyyətini görsünlər. Axı biz diri dahilərdən, istedadlılardan qorxuruq. Ən etibarlısı ölülərdir. Çünki bizimlə rəqabətdə deyillər. Baxın, belə zamanlarda Baltazar Qrasianın sözü yadıma düşür: “Kütləvi oxunmaq mütəfəkkirləri, alimləri həmişə məyus edir”. Çox vaxt ziyalının qədrini sağlığında bilmirlər. Bəzən ziyalı, Hüseyn Cavid kimi dövründən çox qabaq doğulur və cəmiyyət tərəfindən çox gec başa düşülür. İndi də başa düşülürmü? Çətin məsələdir.
- Son olaraq nə demək istərdiniz?
- Bilirsiniz, ədəbiyyat da mədəniyyətdir. Bu qədər mədəniyyətlər arasında bir millət kimi əriyib yoxa çıxmamalıyıq. Məsələn, fundamental mədəniyyətlər – Hindistan mədəniyyəti, Çin mədəniyyəti indi də ayaqdadır, indi də öz ənənələrinə sadiq şəkildə yaşamaqdadırlar. Onlar sanki ayrı bir dünyanın, ayrı bir qalaktika kimi vardırlar. Biz də öz mədəniyyətimizə sahib çıxmalı, onu əbədi olaraq yaşatmalıyıq. Məişət çatışmamazlığı, ədəbli insanın cəmiyyətdə dil tapa bilməmək ağırlığı bilirsiniz nə qədər basqı edir insanın üzərinə? Xüsusilə, yazarın. İnsanın, yazı həvəsini öldürür, enerjisini alır. Gənc qələm dostlarıma söyləyirəm ki, ruhdan düşməsinlər. Öz üzərlərində işləsinlər. Yaltaqlıq etməsinlər. İyrənirəm belə adamlardan. Kənardan çox eybəcər görünürlər. Səbirlə növbəmizi gözləyək. Gələcək bizimdir”.
Səidə
AzNews.az