“Azəriqaz” işçilərin əmək haqqını ödəmir

29 Mart 2013 11:35 (UTC+04:00)
"Azəriqaz"a tabe olan yerli qaz idarələrinin bəzi əməkdaşları rəsmi istirahət elan edilən bayram günlərində işlədilərək əmək haqları ödənilməyib. Beləliklə də "Azərqaz" tərəfindən Əmək Məcəlləsinin 164-cü maddəsi pozulub.

Hüquqları pozulan əməkdaşlar bununla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə müraciət edib. Komitə sədri Mirvari Qəhrəmanlının AzNews.az-a verdiyi məlumata görə, belə hallar Nizami, Yasamal və Nərimanov rayonları ərazisində baş verib: "Qaz idarələrinin bəzi işçiləri bayram günündə işə cəlb edilib. İşəgötürən bayram günlərində işləyən işçilərə əlavə əmək haqqı ödəməli olsa da bunu etmir".

Əraziyə göndərilən işçilər isə əsasən müfəttişlər olub. Ancaq maraqlıdır ki, qaz idarələrinin əməkdaşları rəhbərlikdən qorxduqları üçün adlarının açıqlanmasını istəməyiblər: "Belə halda onlara kömək etmək mümkün olmur. Ancaq mətbuatın köməyinə ümid qalır ki, "Azərqaz" rəhbərliyi xəbərləri oxuyub məsələni araşdırsın".

Elnarə Əlosmanqızı
AzNews.az