Fars casusları molla qiyafəsində!

29 Mart 2013 12:17 (UTC+04:00)
Şahlar Göytürk

Cənub rayonlarında, xüsusən Yardımlıda bir başıbəlalı adət var... Saqqal saxlayan bir adam məclisdə danışırsa, hansı vəzifədə olmağından asılı olmayaraq mütləq susmalısan. Molla rolunu oynayan həmən saqqallının nağıllarını sona qədər dinləməli, ya da ədəblə bir təhər məclisi tərk etməlisən... İşdir, səbirsizlik edib mollanın səhvini üzə vursan, o zaman nəinki mollanın, ev sahibindən tutmuş məclisdə iştirak edənlərin də tənqidinə tuş gələ bilərsən. Odur ki, anlayan hər kəs çarəsizlikdən mollanın dediklərini təsdiq edər, molla isə öz maraqları çərçivəsində məclisi idarə edər...
Mollanın öz sənətində 30 illik təcrübəsi varsa, bu, o deməkdir ki, idarə etdiyi yas mərasimlərində eyni söhbəti, eyni nağılı nəql edər... Azərbaycan filosoflarından, alimlərindən, şərq peripatetizmindən bir kəlmə də bilməz, bilərsə də deməz...

Farsların yazdıqları risalələrdən tez-tez sitatlar gətirər. Hər kəs mollaya xoş gələn suallar verər... Türkün "Yaz" bayramından tutmuş bütün milli-mənəvi dəyərlərimizi Ərəbistana - VI-VII əsrə calaq edər... Hətta, kanalizasiyanın tarixini də Peyğəmbər dövrünə aid edər. İşdir, qədim Azərbaycanda, Misirdə, Romada şəhərsalma mədəniyyətindən bir söz desən, adamın başında turp əkərlər...

"Əhli qubr" bir tərəfdə qalar, molla əvvəldən axıra kimi Kərbəlada şəhid olanların ruhlarına, Quran oxuyanların, əlqərəz, ürəyi istəyən adamların əmvatına salavat çəkdirər, tez-tez Xomeynidən, İran şahlarından, şairlərindən, tarixi şəxsiyyətlərindən misallar çəkər. Dərhal cibindən bir kitabça çıxarar, əvvəlcədən qatladığı yeri açıb farsca oxuyar. Bir sözlə, fars ruhlu fikirləri elə farsca savadsız məclis əhlinə uca səslə yedizdirər...Millətimizin tarixi şəxsiyyətlərini, milli-ideoloji sahədə çaba göstərənləri təhqir edər, hamı da susar! Etiraz etmək istəyənlər də son anda yas sahibinə ehtiram əlaməti olaraq kiriyər!

Məclisin yuxarı başında - taxtda mütləq saqqal saxlayan və ərəbcə, farsca qırıldadan mollalar oturub məclisi idarə edər... Kənddə nə qədər mollaciyəz var, hamısı mağarda xüsusi düzəldilmiş bir qədər hündür yerdə bardaş qurar. Bəzi rituallar yerinə yetirildikdən sonra növbə "Ya sin" surəsinə çatar... Bu surəni minbərdə nə qədər molla oturubsa, qardaş malı kimi yarıya bölüb oxuyarlar. 15-17 dəqiqəlik bu surə 8-10 molla tərəfindən ayrı-ayrı avazla oxunar... Ev yiyəsi oxuduğu 3-5 kəlməyə görə hər mollanın haqqını verər. Baş mollanın haqqı yardımçı mollaların haqqından azı 4-5 dəfə çox olar...Mən hələ məclisdəki israfçılıqdan, yeyib-içməkdən danışmıram. Yardımlıdakı bu əcaib molla rejimindən çox danışmaq olar...
İnsafən, bu ucqar Oğuz-Azərbaycan məmləkətində çox hörmətli mollalar da var. Ömründə bir kəz belə dua-filan yazmaz. İnsanlara milli-mənəvi dəyərlərimizi aşılamaqla məşğul olarlar... Bir sözlə, tarazlığı, pərsəngi onlar qoruyub saxlar! Davranışından əxlaq, ağızlarından elə dürr süzülər ki, adamın onlara molla deməyə dili gəlməz!

Ancaq bu bazar iqtisadiyyatı dövründə göbələk mollaların çoxu xurafatla əməlli-başlı bizneslərini qurar. Məsələn, qara bazarda bir dualıq ceyran dərisinin qiyməti 8-10 manatdırsa, "Ayətül-kürsü"nü turşla üzərinə yazmaq xərci də bir o qədərdir. Xurafat əhli ceyran dərili üçkünc duanı kürəkdən asmaq üçün orta hesabla 20 manat verməlidir.

İşdir, mollaya etiraz etsən, səni "bağlamaq"la, ailə arasında nifaq yaratmaqla qorxudar. Odur ki, gərək molla ilə höcətləşməyəsən. Əvvəllər həmin dələduz mollaların çörəyi qadın və kişilərdən çıxardı. İnsafən, inkişaf göz qabağında! İndi molladan şəfa, əlac istəyən kişilərin sayı çox azalıb. Ancaq mollaların çörəyi əsasən, zavallı, dua-piti əsiri olan savadsız arvadlardan çıxar. Puldan tutmuş toyuq-cücəyə kimi mollaya verərlər, təki kiminsə qaraçuxasını yaxınlaşdırsın. Molla təkcə belə "xeyirxah" işlə məşğul olmaz. Kimin kimdən xoşu gəlmirsə, mollaya ikiqat haqq verməlidir ki, molla da onun "evini yıxsın".

Molla qələm çalmada o qədər məşhur olar ki, uzaq-uzaq ellərdən molla yanına təşrif buyurarlar. Xülasə, mollanın dua yazma biznesi çox uğurla gedər. Məqamı gələndə deyər: mən filankəslərdən dərs almışam. Bax, bu gizli kitablar filankəsdən mənə yadigardır. Hərf qanmayan zavallı da tez təsir altına düşər...Molla yenə zavallıdan əl çəkməz, deyər ki, get, bir aydan sonra gəl, nəticəsini görəcəksən...İşdir, mollanın yazdıqları gerçəkləşsə, əsl dələduzluq ondan sonra başlar. Nə başınızı ağrıdım, bu reallıqları danan adamdan siz də ehtiyatlı olun...
Bu işlərin İslama dəxli yoxdur. Bu xalq oborigen xalqdır: aqların, maqların peşəsidir bu! Qorunub saxlanılır...
Mənim əzizlərim, bunlar nağıl deyil, 100 il qabaq Mirzə Cəlilin, Ü.Hacıbəylinin.. qaldırdığı problemlərdir.

***
Fikirli-fikirli məclisin sayılıb-seçilməyən bir yerində oturub yenə mollaların söhbətini dinləməyə başladım.
Bu dəfə öz qulağımla eşitdiklərim məni dəhşətə gətirdi:
Molla cənnətin 8 qapısından bir başa tarixi mövzuya keçdi:
"Mən bəzi akademikləriniz kimi onun-bunun yazdıqlarını təkrar etmirəm. Bunu fars mənbələrimizdən sizə deyirəm, ay camaat... Qacarın Vazgenə məktubu var. Deyir ki, ay Vazgen Eçmiədzini təmir edərik, nə qədər istəsən, qızıl, var-dövlət verərik, Pyortun dediklərinə uyma... Vazgen bilirsizmi nə cavab verir? Deyir ki, mən Pyortrla dindaşam, dindaş! Onun mənə verdiyi soğan-çörək sənin verdiyin ləl-cəvahiratdan min dəfə qiymətlidir. Baxın, Vazgen sizin alimlərinizdən, baş bilənlərinizdən nə qədər ağıllı, sədaqətli adam olub!!!
Sizin ziyalılar, alimlər öz övladlarını ingilis, rus məktəblərinə qoyur, televiziyalarda tərbiyəsiz şeylər verirlər ki, millət pozulsun, düşmənlərimizlə (Amerika, İsraili nəzərdə tutur) ittifaqa girirlər. Baxın, İranda necədir vəziyyət! Xəbəriniz var yəqin, talış dilində veriliş də verirlər...
İslam bir ümmət dinidir, mənim əzizlərim...Biz müsəlmanıq. Bizimçün dil, millət söhbəti yoxdur. Biz çox zay millətik. Ona görə də bölünmüşük.
Hələ sizin bilmədiyiniz çox şeylər var. Siz Yeniseydən gəlmisiniz. Mən faktla danışıram. Müharibədən sonra Stalın sizi köçürtməyə başladı. Çünki Stalin bilirdi ki, bunlar Yeniseydən, Orxondan gəliblər. Bağırova deyirlər ki, Stalinə deyin ki, narazılıq var. Camaat köçmək istəmir. Deyirlər ki, biz rus qardaşlarımızla əl-ələ verib almanları vətənimizdən qovmuşuq. 600 min şəhid vermişik, neft göndərmişik. Stalin bu sözdən sonra sizi burdan geri qaytarmadı"...

Molla elə gur səslə danışırdı ki, çox adam bu ritorikanın içindən mənanı dərk edə bilmirdi...
Axır dözə bilməyib yerimdən qalxdım:
- Səni nə əcəb tutmayıblar bu vaxta kimi. İllərdir bu milləti zəhərləməklə məşğulsan! Yeməyin yaxşısını sənə verirlər, yuxarı başda oturdurlar, pulun pul, hörmətin də hörmət! Utanmırsanmı? Havasını udduğun, suyunu içdiyin, çörəyini yediyin bu ölkəni özünə düşmənmi sayırsan?! Niyə İran adlanan xarabada 40 milyonluq Azərbaycan Türkündən danışmırsan?! Bu anda kimsə qoluma girib məni sakitləşdirməyə çalışdı... Və mən məclisi tərk etdim!..

***
Dövlətin dindən ayrı olması hər birimiz üçün əlavə mənəvi məsuliyyət yaradır. Hər kəs içimizdəki şər qüvvələrlə mübarizə aparmalıdır. Hər mollaya məclis etibar etmək olmaz. İnsanlara ölüm arzulayan, ölüdən çörəyi çıxan və açıq-aşkar dələduzluqla məşğul olan bu ünsürlər ifşa edilməlidir. Mollalar çox ciddi şəkildə attestasiyadan keçməlidirlər. Azərbaycan tarixindən, milli-mənəvi dəyərlərindən xəbərsiz olan bu cür fars casuslarının fəaliyyətinə qadağa qoyulmalıdır. Mən hələ bu ünsürlərin dilimizi nə hala saldıqlarını, eybəcər bir üslubda danışdıqlarını demirəm!