"Türk dövlətlərinin vahid universitetinə ehtiyac var"

4 Sentyabr 2018 15:10 (UTC+04:00)

Bunu açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Qırğız respublikasına səfərinə, Çolpon-Ata şəhərinin Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakına toxunan Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, bu dövlətlər, xalqlar dil, din, kök birliyinə bağlıdırlar, eyni köklərdən qidalanıblar, rişələniblər: "Onlar bir-birinə qırılmayacaq sıx tellərlərlə bağlıdırlar. Odur ki, türk dövllətlərinin bütün sahələrdə, bütün məsələlərdə birliyi, inteqrasiyası vacibdir və lazımlıdır. Çox sevindirici haldır ki, bu inteqrasiya, türk dövlətlərinin birliyi yolunda da ötən illər ərzində böyük addımlar atılıb, çox böyük məsafələr qət olunub. Bu sırada "TÜRKSOY"un, TÜRKPA-nın və nəhayət, TDƏŞ-in fəaliyyətini xüsusi qeyd etmək olar. Bunlar çox önəmli formatlardır. Bu sıraya gələcəkdə yenilərinin də əlavə edilməsi gözləniləndir və mütləqdir". Komitə sədri qeyd edib ki, TDƏŞ fəaliyyətinin əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır: "Xatırladım ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvlərdir. Həmçinin, TDƏŞ 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb. Belə ki, 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlayıb. Türk Şurası təsis edildikdən sonra isə zirvə görüşləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri" olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilib. Bu dəfə isə qardaş Qırğız respublikası 6-cı Sammitə ev sahibliyi etdi. Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız prezidentinə minnətdarlığını bildirərək, deyib ki, sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Onun sözlərinə görə, TDƏŞ-in fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. Bundan sonra sonra Qırğız prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər. Azərbaycan prezidenti çıxışında bir çox önəmli məqamlara toxunaraq, bu təşkilatın əhəmiyyətinə diqqət yönəldib, onun fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. İlham Əliyev əminliyini də ifadə edib ki, "bu, bizim birliyimizi, əməkdaşlığımızı təsdiq edən, həmçinin, ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir". Bütün bunlar onu göstərir ki, TDƏŞ türk dövlətləri arasında münasibətlərə töhfə verməklə yanaşı, dünyada da sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verəcək".

Z. Səmədzadə son sammitin məntiqi davamı kimi türk dövlətləri arasında növbəti bir sıra vacid addımların atılacağına da ümid etdiyini bildirib: "Çox məsələlər, çox təkliflər, çox ideyalar var. Amma mən elm adamıyam, aliməm və bu baxımdan səslənən təkliflərdən mənə daha yaxın olanı üzərində dayanmaq istəyirəm. Təkliflərdən, ideyalardan biri odur ki, türk dövlətləri arasında vahid ali məktəb-universitet təşkil edilsin. Hesab edirəm ki, bu, çox vacib və əhəmiyyətli bir məsələdir. Türk xalqlarının, türk dövlətlərinin vahid ali məktəbinə, universitetinə ehtiyac var. Hesab edirəm ki, mərkəz kimi də qardaş Türkiyə ilə Orta Asiya türk cümhuriyyətləri arasında kəsişmə nöqtəsi kimi Azərbaycan, Bakı şəhəri mərkəz kimi seçilə bilər. Yəni türk dövlətlərinin vahid universiteti Bakıda təşkil edilə bilər. Bu, başqa türk cümhuriyyətlərindən birində də mümkündür. Yer, məkan məsələsi bəlkə də ikinci dərəcəli məsələdir. Amma bütövlükdə belə bir universitetə ehtiyac var və bu məsələ gələcəkdə öz həllini tapa bilər. Mən buna çox ümidliyəm". (525)

AzNews.az