“Türk dünyası yeni bir dövrə qədəm qoyur” - Müsahibə

5 Sentyabr 2018 17:21 (UTC+04:00)

AzNews.az-ın əməkdaşı həmin Sammitlə bağlı Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə söhbət edib.

- Bədrəddin müəllim, bildiyiniz kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammiti keçirildi. Bu sammitin bütün Türk dünyası üçün hansı faydaları var?

- Ümumiyyətlə, son zamanlar türkdilli dövlətlər arasında əlaqələr getdikcə güclənir. Həmin zirvə toplantısında dövlət başçısı öz çıxışında da bildirdi ki, biz daha da yaxın olmalıyıq. Türk dövlətlərinin əlaqələri həm iqtisadi, həm də siyasi baxımdan yeni bir dövrə qədəm qoyur. Bütün bunlar bizim yenidən birləşdiyimizə dair dosta-düşmənə verilən mesajdır. Neçə illər idi ki, Türk dünyasını tamamilə parçalamışdılar. Lakin hazırda bu proses dəyişib. Yenidən türklərin bir araya gəlməsi, türk dövlətlərinin, toplumlarının ortalığa çıxması, yeni dünya düzənində türk faktorunu daha aydın vurğulayır. Bu da baş verəcək növbəti siyasi proseslərdə türk faktorunu nəzərə almadan addım atmağın mümkünsüzlüyünü bir daha gözlər önünə sərir. Gedişatlar fonunda biz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinin daha da güclü olduğunu, maliyyə-iqtisadiyyat sistemlərinin daha da gücləndiyini görürük. Biz çox arzulayardıq ki, türkdilli dövlətlər arasında maliyyə bazasının əsasını vahid bank təşkil etsin. Hər bir türk dövləti qoyduğu sərmayəyə görə həmin bankda söz sahibi olardı. Həmin sərmayədarlar krizis olduğu dövrlərdə başqa dövlətlərə əl açmadan öz problemlərini həll edə bilərlər. Vahid bankın yaradılması çox yaxşı olardı. Vahid bank yaransa, hərə öz pulunu kənarda saxlamaqdansa, bir yerə yığıb devalvasiya zamanı bir-birinə dəstək olarlar. Necə ki, bu gün Azərbaycan qardaş ölkə Türkiyə üçün 14 milyard yatırım qoyub və bu yatırımların 20 milyarda qədər artırılması gözlənilir.

Çox təəssüflər olsun ki, bu gün ölkələrimiz arasında hərbi-strateji baxımdan müttəfiqlik müqaviləsi yoxdur. Düzdür, əməkdaşlıq müqaviləsi olsa da, türkdilli dövlətlərin özünün bir hərbi ittifaqının yaradılması daha məqsədə uyğun olardı. Hal-hazırda bir çox türk toplumları azad deyil, müstəmləkə formasındadır və buna görə də onların hüquqları pozulur. Bu kimi problemlərin həlli istiqamətində bütün türk toplumları maraqlı olmalıdır. Əgər bu gün Azərbaycan savaşa başlayarsa, bütün Türk dünyası bu savaşa qoşulmalıdır.

Bu Zirvə görüşlərində bu kimi problemlərin həlli istiqamətində müzakirələr aparmaq lazımdır. Bu məsələləri ortalığa qoyub, daha da gücə çevirmək lazımdır ki, türk xalqı olaraq itirdiyimiz mövqeləri yenidən geri gətirək.

- Ümumiyyətlə, neft-qaz sahəsində bu ölkələr arasında nə kimi yeniliklər gözlənilir?

- Bu günkü gündə Azərbaycan TANAP layihəsinə investisiya yatırıb. Türkiyə daxilində qaz emalı sahəsində zavodlar tikilir. TANAP xəttinin çəkilişi Türkiyə bazarı daxilində, həm də Avropa ilə əlaqələri gücləndirir. Gələcəkdə Xəzərin statusu ilə bağlı məsələlər ortalığa çıxdığı zaman Orta Asiya neftinin, qazının Azərbaycan üzərindən dünya bazarına çıxarılması prosesləri başlayacaq. Bu da iqtisadi əlaqələrimizi, gələcək təhlükəsizlik imkanlarını artıracaq, regiona marağı daha da gücləndirəcək, həm iqtisadi, həm də strateji baxımdan Türk dünyasının önəmini artıracaq.

- Həmin sammitdə R.T.Ərdoğan ABŞ-ı nəzərdə tutaraq “bəzi ölkələr problemlərin həllində diplomatiya, dialoq və çoxtərəflilik yerinə, təhdid, təzyiq və şantaja üstünlük verir” deyib. Fikrinizcə, bu, ümumi Türk dünyası və ABŞ arasındakı əlaqələrə təsir edə bilərmi?

- Hazırda Türkiyə və Amerika arasında siyasi baxımdan gərginlik var. İqtisadi məsələlərlə bağlı anlaşılmazlıqların regionda gec-tez ciddi fəsadları olacaq. Bu gün baş verən hadisələrdə Türkiyə öz kontekstindən, maraqları baxımından çıxış edir. Bu proseslərin gedişatı müəyyən bir sönmə dövrünə keçəcək. Azərbaycan enerji təhlükəsizliyi və regionda baş verən proseslərlə bağlı məsələlərə çox ciddi yanaşır. Rusiyadan uzaqlaşmaqla, özü müstəqil siyasət yürütməklə Türk dünyasının maraqlarına xidmət edən addımlar atmaq lazımdır. Gələcəkdə İran, Çin və digər məsələlərdə türk faktoru önəmli yer tutacaq. Ümumi türk milli maraqları, türk xalqının strateji maraqları baxımından Qərblə əməkdaşlıq etmək daha məqsədə uyğundur. Hazırkı dövrdə hətta Ermənistan belə, Rusiyadan uzaqlaşıb, Qərblə əməkdaşlığa üstünlük verir. İrana, Rusiyaya görə bu proseslərin dərininə gedib, qurban vermək lazım deyil. Bu gün maliyyə sektorunda, dünya birjasında, qiymətli kağızlar sistemində ABŞ-ın qarşısına çıxmaq çox çətin məsələdir. Ona görə də baş verən proseslərdə toplum olaraq öz milli maraqlarımızı və gücümüzü nəzərə almaq lazımdır. Bu da bir sınaq dövrüdür. Biz Türk xalqı olaraq yaranmış şəraitdən öz maraqlarımız baxımından istifadə etməliyik. Baş verən proseslərə qapı arxasından baxmaq lazım deyil. Vaxt var idi, bizə qarşı olan güclər indi bölgənin ticarət yollarına görə, strateji əhəmiyyətlərinə görə bizlə əməkdaşlıq etməyə məcburdurlar.

- Bu sammit həm də Macarıstanın şuraya üzv olması ilə yadda qaldı. Lakin Macarıstan Avropada xristian ölkəsi olaraq tanınır. Bəs, sizcə, yeni üzvlük şura daxilində necə reaksiyalar doğurub?

- Macarıstanın orada təmsil olunması əslində heç də təəccüblü deyil. Ən böyük türk imperiyası olan böyük Hun (Hungary olaraq bilinir) imperatorluğunun, əsasən də Atillanın adı gələndə artıq söhbətin nədən getdiyi Avropada hər kəsə məlum olur. Dünyanın hər yerində, eləcə də Avropanın qərbindəki hunların türk dünyası ilə bir yerdə olmasında türk amili bir daha özünü göstərir. Bu baxımdan Macarıstanın bu şuraya üzv olmasını “özünəqayıdış” adlandırmaq olar. Çünki xristianlıqdan, elə İslamdan da qabaq “türk” faktoru həmişə olub. İstər xristian, istərsə də müsəlman olsun, onlar həmişə məxsus olduqları coğrafiyanın şərtlərinə uyğun fəaliyyət göstəriblər. Bu gün onlar xristian olmasına baxmayaraq, canı canımızdan, qanı qanımızdan, ruhunda türk ruhu, Tanrı eşqi olan türklərdir və bu birliyə qarışmalarından normal heç nə yoxdur. Bu gün Avropada türkçülüyün özünü göstərməsi, Avropa dəyərlərində türk amilinin ortalığa çıxması çox sevindirici haldır.

Pərvanə AĞAZADƏ,

AzNews.az