Erməni diasporunun “xaç atası” həbsdə qaldı

29 Mart 2013 14:29 (UTC+04:00)


Moskva şəhər məhkəməsində 52 yaşlı erməni "qanuni oğru" Kamo Səfəryanın kasasiya şikayəti təmin edilməyib. Cinayətkar aləmdə "Kamo" ləqəbi ilə tanınan, cibgir kimi böyük pullar qazanan "qanuni oğru" məhkəməni üstündə tapılan narkotik maddənin onun cibinə polislər tərəfindən qoyulduğuna inandıra bilməyib.

Qeyd edək ki, Kamo ötən ilin iyununda "Şərq nağılı" restoranında saxlanmışdı. Onun üzərinə baxış zaman 23,8 qr həşiş aşkarlanmışdı.
Bildirək ki, K.Səfəryan 1961-ci ildə Ermənistanda dünyaya gəlib. İlk cinayətinə Tbilisidə başlayan Kamo 1990-cı illərdə Moskvada kriminallar arasındakı problemlərin həlli ilə məşğul olub. 1994-cü ildə qanunsuz silah saxlama maddəsi ilə 3 il azadlıqdan məhrum edilib.

Həbsdən sonra Nijni Novqoroda Qafqazdan olan başqa "qanuni oğru"ları ətrafına toplamağa başlayıb. 1998-ci ildə isə onun təşəbbüsü ilə Seki, Hamlet və Novik adlı 3 nəfərə "qanuni oğru" adı verilib. 1998-ci ilə Kamoya sui-qəsd edilib, ancaq killer onun əvəzinə doğma qardaşı Hazara atəş açıb.

Krımda Kamonun qruplaşmasının nəzarətində çox sayda bazar, restoran və barlar, mağazalar, həmçinin narkotik ticarəti var. Kamo erməni diasporunun Krımdakı biznesinə nəzarət edib və bunu əsasən Melkonyan qardaşları vasitəsilə nəzarətində saxlayıb. Uzun müddət Krımda yeganə "qanuni oğru" kimi təsir dairəsinin genişləndirən Kamo 2002-ci ildə rus "oğru"ların təzyiqi ilə erməni avtoritet Valter Sərkisyana güzəştə getməli olub. 2006-cı ildə narkotiklə həbs edilən Kamo məhkəmə qərarı ilə 5 il müddətinə Ukraynaya daxil olmaqdan məhrum edilib. 2007-ci ildə o, erməni "qanuni oğru" Vardan Asatryanla bərabər Kiyevdə həbs edilib. Onlar Ukraynada öz təsirlərini möhkəmləndirmək üçün "sxodka" keçirməyi planlaşdırırdılar.

2009-cu ildə Barselonadan yeni qayıdan Kamo "Paxlava" restoranında saxlanılıb. Bu dəfə də saxlanmasının səbəbi üstündən həşiş tapılması olub. Kamo 2009-cu ildə Kiyevdə erməni "oğru" Sərkisyanın qətlini sifariş verməkdə də şübhəli bilinir.

Elnur Əzimov
AzNews.az