Almaniyanın Xemnits şəhərində ultrasağ fəallar yenidən miqrantlar əleyhinə nümayiş keçiriblər. Həftə ərzində artıq ikinci dəfə baş tutan aksiyaya 1000-ə yaxın radikal sağçı qoşulub. Onlar Almaniya hökumətinin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. Etirazçıların səsləndirdikləri şüarlarda Xemnitsin Afrikanın anklavına çevrildiyi bildirilib. Xatırladaq ki, bu şəhərdəki gərginliyə avqustun 26-da müxtəlif millətlərdən olan şəxslərin iştirakı ilə baş verən kütləvi dava zamanı 35 yaşlı Almaniya vətəndaşı Daniel Hilliqın öldürülməsi səbəb olub. Hadisə ilə əlaqədar polis 2 nəfəri şübhəli şəxs qismində saxlayıb. İnsidentdən dərhal sonra şəhərin küçələrində əcnəbilərin təqib edilməsi barədə məlumatlar yayılıb.
Bütün hallarda bu, ciddi təhlükə siqnallarından xəbər verir. Avstriyada da solçular hakimiyyətə gəlib. Eyni aksiyaların dünya miqyasında geniş dalğa şəklində davam etməsi, miqrantlara qarşı hədsiz aqressiya ilə davam etməsi də gözləniləndir. Amma xatırladırıq ki, miqrantlara qarşı zaman-zaman Almaniyada, eləcə də bəzi Avropa ölkələrində etiraz aksiyaları olub. Xüsusən 2016-cı ilin əvvəllərində bəzi miqrantların qadınlara qarşı əxlaqsız hərəkətləri onların ölkədən qovulması tələblərinin səsləndirilməsinə səbəb olmuş, genişmiqyaslı aksiyalarla müşayiət olunmuşdu.
2018-ci ilin sentyabrında baş verən bu aksiyaların digərlərindən fərqi nədir? Bu, miqrantlara qarşı ciddi təhlükə selinə çevrilə bilərmi?
“Yeni Müsavat”ın bu mövzudakı sualını hazırda İsveçrədə yaşayan yazar Əli Əkbər cavablayıb. Əli Əkbər bildirib ki, Avropa böyükdür və nə qədər vahid, bütöv görünsə də, bu, Avropanın özündə fərqli miqrasiya siyasəti, tendensiyası ənənəsi olmadığını göstərmir: “Əlbəttə, fərqliliklər var. Amma Avstriya ənənəvi Avstriyadır. Bu ölkə hər zaman faşizm ruhunun yüksək olduğu ölkə imicinə malik olub. Türk dünyasının nadir tapıntısı adioz Orbanın Macarıstanı da tipik postsovet Şərqidir. Bütün bu hadisələr Almaniyanın şərqində gəlmələrə qarşı ayaqlanmaların baş verməsindən sonra yaşandı. Deyirlər, bunun da arxasında Rusiya dayanır. Bilmirəm, nə dərəcədə doğrudur. Son hadisələri qızışdıran bir alman gəncinin öldürülməsi idi. O, cinayət idi. Orada ruslar da fiqurant olaraq keçirlər. Xatırlayırsızsa, orada bir rus da almanla birgə yaralanmışdı. Hadisə nəticəsində alman öldü, rus isə xəstəxanaya aparıldı, yaralanmışdı. Onlar Orta Şərqdən gələn qaçqınların hücumuna məruz qalmışdılar”.
Müsahibimiz xatırlatdı ki, Almaniyada ikinci həftəsinə keçən mitinqlər var. Müsahibimizin sözlərinə görə, orada ruslar almanlara qoşulub və bir yerdə nasist şüarlar səsləndirirlər. Yazar bunu bir başqa ironiya adlandırdı: “Amma Rusiya da elə bir ölkədir ki, dissanant yaşamaqdan diskomfort yaşamır. Ölkə öz içində İkinci Dünya müharibəsinin kultlaşdırılması ilə məşğuldur. Digər tərəfdən də Almaniyada irqçilərlə çiyin-çiyinədir. Sözüm ondadır ki, Avropada faşizmin coğrafiyası nə genişlənmir, nə də daralmır. Həmin coğrafiyadır. Hər şey öz yerində qalıb. Tarixən irqçiliyə meylli olanlar yenə də öz yollarındadır, olmayanlar da deyillər. Ortada Skandinaviya dövlətləri var. Hətta başqa ölkələr də var. Almandilli arealda belə meyllərin daha çox olduğunu görürük. Bunun da tarixi-fəlsəfi kökləri var”.
Əli Əkbər dedi ki, bu olayların Avropada irqçiliyi yayacağı fikrini bölüşmür. Onun fikrincə, Avropa yeni reallıqda yaşamağı öyrənir: “Çox cəld deyillər avropalılar. Bürokratiya məngənəsində sıxılıb qalırlar, çətin yenilənirlər. Çevik deyillər. Bəzən də bu proseslər ağrılı keçir. Baş verən odur ki, milyonlarla yeni adam bura gəlib. Konkret bir neçə Qərbi Avropa ölkəsində yeni reallıqda yaşamağa başladılar, avropalıları da bu reallıqda yaşadırlar. İndi bu reallıqlarda yaşamağı öyrənmək lazımdır. Miqrantların xoşuna gəlməyən hər yeni qanun, düzənləmə də irqçilik deyil. Adamlar öz ölkələrində yaşayırlar və çox da üstlərinə getmək olmaz. Azərbaycan birdən yarım milyon insanı qəbul etməyə hazırdırmı? Kənardan gələn yad mədəniyyətli yarım milyon insana qucaq açarmı azərbaycanlılar?”
Müsahibimiz sonda vurğuladı ki, Almaniyadakı bu aksiyaları sıradan hesab etmək olar və bu məsələ də öncəkilər kimi qapanacaq.
AzNews.az