Dövlət başçısının səfərini AzNews.az-a şərh edən politoloq, millət vəkili Elman Nəsirov bildirib ki, ölkələrimiz arasında həm neft, həm də qeyri-neft sektorunda olan əlaqələr ötən illərə nisbətdə daha da inkişaf edib:
“Azərbaycan-Xorvatiya münasibətləri dinamik inkişaf tempinə malikdir. 2016-cı ilin oktyabr ayında
Xorvatiya prezidentinin Azərbaycana səfəri də bunu bir daha təsdiq edir. Bu səfər çərçivəsində biznes forum keçirildi və eyni zamanda təkcə enerji sahəsində deyil, qeyri-neft sahəsində də müzakirələr aparıldı. Bundan savayı, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, gəmiqayırma kimi sahələrdə əlaqələrimizin inkişafı üçün potensial var. Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri bir daha göstərdi ki, keçən müddət ərzində əlaqələrimiz daha da inkişaf edib. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizində Xorvatiya birbaşa iştirakçı olmasa da, Balkan ölkələri potensial iştirakçı sayıla bilərlər. Çünki Xorvatiya da həmin layihədə iştirakla bağlı öz niyyətini ortaya qoyub və bu barədə danışıqlar gedib.
Cənab İlham Əliyevin Xorvatiya səfəri çərçivəsində iki sahədə əməkdaşlığın inkişafı ilə bağlı konkret sənədlər imzalandı. Hər iki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair proqram qəbul edildi. Həmin proqram 2018-2019-2020-ci illərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənəddir. Xorvatiya Adriatik dənizi sahilləri ilə əhatələndiyindən və məhsuldar torpaqlara sahib olduğundan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiyanın müvafiq qurumları arasında əməkdaşlığa dair memorandum imzalandı.
Yəni hər iki sənədə diqqət yetirsək, görərik ki, söhbət qeyri-neft sektorundakı əlaqələrin inkişafından gedir. Eyni zamanda Xorvatiyanın informasiya texnologiyaları sahəsində yaxşı təcrübəsi var. Bu sahədə əməkdaşlalıqların genişləndirilməsi də hər zaman müzakirə olunub. Xorvatiya həmçinin Azərbaycanda gəmiqayırma zavodlarının, kiçik gəmi-katerlərin hazırlanması və satılması ilə maraqlanır. Xorvatiya və Azərbaycan turizm sferasında oxşar əlamətlərə malik olduqlarından bu sahədə müzakirələrə də yer verilib".
Politoloq bütün səfərlərin və görüşlərin əsas mövzusu olan Dağlıq Qarabağ münaqişəsinə bu görüşdə də yer verildiyini vurğulayıb:
“Nəhayət, İlham Əliyevin bütün səfərlərində, tribunalarda çıxışları zamanı əsas diqqət mərkəzində saxladığı məsələ Dağlıq Qarabağ münaqişəsidir. Təbii ki, bu danışıqlarda da həmin mövzu diqqət mərkəzində saxlanıldı. Rəsmi Xorvatiyanın bu məsələ ilə bağlı mövqeyi belədir ki, beynəlxalq hüquq müstəvisində Azərbaycanın hüquqları müdafiə olunsun, bütün beynəlxalq qurumların müvafiq panellərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli dəstəklənsin.”
Pərvanə Ağazadə
AzNews.az