Azərbaycan məmurları: onların əsl ixtisasları nədir?

29 Mart 2013 15:38 (UTC+04:00)

Bu dünyaya gələn hər kəsin öz missiyası var. Əli iş tutandan hər kəs bir işin qulpundan yapışır. Tanıdığımız, həyatına maraq göstərdiyimiz insanların da bir həyatı, qarşısına qoyduğu məqsədi, məqsədinə çatmaq üçün tutduğu yolu olub. Elə yolun başındaca tutduğu yolun məqsədinə doğru getmədiyini anlayanlarla yanaşı, istənilən yoldan amacına çatmaq üçün istifadə etməyi məqsədəuyğun sayanlar da yox deyil.

AzNews.az siyasətdən tanıdığımız, idarəetmə təcrübəsinə bələd olduğumuz bir çox insanların peşəsi ilə maraqlanıb. Öyrənmək istəyib ki, maraq dairəsindəki tanınmışlar əslində nəçi olmaq istəyirdilər, kim oldular?

Nəinki Azərbaycan, elə dünya təcrübəsi də təsdiqləyir ki, insan özünü heç də həmişə ilk seçdiyi ixtisas üzrə təsdiqləmir. Bax elə götürək, Riçard Morninqstarı. Ta Amerikadan gəlib Azərbaycanda öz ölkəsinin maraqlarını müdafiə edir. İxtisasca hüquqşünas olsa da, diplomatik dillə danışır.

ABŞ-ın Azərbaycandakı səfiri kimi, hüquq və tarix fakültələrini bitirib sonradan siyasi bacarıqlarını işə salanlar ölkəmizdə lap çoxdur. Məsələn, YAP icra katibinin müavinlərdən biri Siyavuş Novruzov. Hüquqşünas olsa da, yalnız siyasi fəaliyyətlə məşğul olur. S.Novruzov həm də Bədən Tərbiyəsi Texnikumuni bitirib və deputat seçilənə qədər Nizami rayonundakı məktəblərdən birində bədən tərbiyəsi müəllimi işləyib.

Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan Aydın Əliyev də hüquqşünasdır. İş təcrübəsinə müəllim kimi başlayıb, sonra Ədliyyə Nazirliyində, Dövlət Arbitrajında ixtisasına uyğun işləsə də, 2006-cı ilin fevral ayından gömrük siyasətinin əsas icraçısıdır.

Hakim partiyanın icra katibi Əli Əhmədov və müavini Mübariz Qurbanlı isə ixtisasca pedoqoqdur. Hər ikisinin ixtisas təhsili tarixdən olub. Müstəqil Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev də tarixçi idi. Ixtisasca tarixçi olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iş təcrübəsinə gəmi maşinistliyindən başlasa da, indi ölkə siyasətini müəyyənləşdirən əsas şəxslərdən biridir. Elə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da tarixçidir. Azərbaycan siyasətindəki tarixçilərin siyahısını uzatmaq da olar. Müsavat başqanı İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov tarixçi, Liberal Partiyasının sədri Lalə Şövkət isə həm də ədəbiyyatçıdır.

Tarix və hüquq kimi siyasətə yaxın fakültələrlə yanaşı, hazırda məşğul olduqları işlə yiyələndikləri peşə arasında heç bir əlaqə olmayanlar da çoxdur. Məsələn, Azərbaycanın keçmiş xarici işlər naziri Tofİq Qasımov əvəlcə dəmir yol məktəbində oxuyub. Sonra fizika-riyaziyyat üzrə ixtisaslaşıb. Ancaq sonda siyasətdə tanınıb. Təhsil naziri Misir Mərdanov da riyaziyyatçıdır.

Milli təhlükəsizlik naziri Eldar Mamhmudov Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, Bakı Dövlət Universitetinin hüquq fakültələrini məzunu olub. Lakin çox böyük ehtimalla nazir indiki vəzifəsində 1980-2004-cü illərdə daxili işlər orqanlarında - mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış sahəsində topladığı təcrübəyə əsaslanır.

Diasporla İş üzrə Dövlət Komitəsini sədri Nazim İbrahimov ixtisasca mühəndis mexanikdir. Sovet tərbiyəsi almış siyasətçi o vaxtlar hamı kimi təcrübəyə fəhləlikdən başlayıb, sonra sahə ustası olub. Ancaq tezliklə mühəndisliyin ona uyğun peşə olmadığını anlayıb biznesə girişib. Biznesdə də siyasətdə olduğu qədər bəxti gətirib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə geoloqdur. Ancaq nazirin bəstələri də çox məşhurdur.

Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil almış xarici işlər naziri Elmar Məmmədyarov elə ixtisası üzrə də işləyir. Maliyyə naziri Samir Şərifov isə Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib. İxtisasca torpaqşünas olan Qərib Məmmədov da ixtisasına uyğun bir vəzifədə - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri postunda çalışır.

İsmət Abbasov isə əla şərabçıdır. Nazirin ən gəlirli sahələr hesab edilən şərabçılıq və tütünçülük üzrə yüksəlişi ona ölkənin kənd təsərrüfatı sahəsində həyata keçirilən siyasətin əsas icraçısı kimi etimad göstərilməsi ilə nəticələnib.

Açiq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev uşaq yaşlarından əlini əməyə alışdırıb. Bu minvalla çox yerdə işləyib. Ancaq ixtisasca neft-kimya mütəxəssisidir. Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibov da neft-kimya mütəxəssisi olub.

Quba rayon icra başçısı Mübariz Ağayev texnoloqdu. Amma heç vaxt peşəsinə uyğun işlərlə məşğul olmayıb. Mühasib köməkçisi, mühasib, direktor müavini, direktor, 2006-cı ildən isə icra başçısı vəzifəsindədir.

Imişli rayonunun icra başçısı Vilyam Hacıyev Orenburq vilayətində Mülki Aviasiya üzrə yiyələnməyə başladığı ixtisas üzrə təhsilini Azərbaycanda da davam etdirib. Öncə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Milli Aviasiya Akademiyasını bitirib.
Qazax rayon icra başçisi Ayaz Əsgərov isə ət və süd məhsulları üzrə mütəxəssisdir.

Ruhiyyə
Aznews.az