Ovçular bu xəbəri oxusun

7 Sentyabr 2018 15:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mövzu ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə danışıb:

“Ov mövsümü 2018-ci ilin may ayının sonunda artıq açıq elan edilib. Ov mövsümü açıq elan olunarkən heyvanların, quşların bioloji xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib”.

Hikmət Əlizadə qeyd edib ki, “həm yerli həm xarici ovçular daha çox quş ovuna üstünlük verirlər. Artıq avqust ayının 24-dən etibarən quş ovuna “start” verilmişdir. Oktyabrın ortalarından etibarən bataqlıq quşlarının ov mövsümü başlanılacaq, fevral ayının sonu, mart ayının əvvəlinə kimi davam edəcək.

Konfransda ov mövsümü ilə bağlı icazələrin alınması ilə bağlı da məsələlərə toxunulub. Qeyd olunub ki, bəzən ovçular hətta ov icazələrinin sayının artmasını da departamentdən tələb edirlər, amma bu düzgün hal deyil və qəbul olunmayıb.

Hikmət Əlizadə bildirib ki, hazırda məqsəd ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir. “Ovçu və təbiəti mühafizə edənlər balansını qorumaq mütləqdir. Ümumilikdə, mövsüm başlanandan 10 yerli şirkət ov üçün müraciət edib və müsbət cavab alıb. Burada heç bir süründürməçilik halına rast gəlinməyib. Həmin şirkətlərin gətirdiyi xarici vətəndaşlar qanunu pozarsa, həmin şəxs iki min manat ödəyir və ölkədən çıxarılır. O şirkətlərlə ov əlaqələrinə isə məhdudiyyət qoyulur. Bunu da qeyd edim ki, keçən ov mövsümü ilində 4, ondan əvvəlki il isə 12 xarici vətəndaş ov qaydalarını pozmaq istədiyinə görə cərimələnib. Bu il isə hələ ki, qanun pozuntusu halı yaşanmayıb”.

Səidə Nurməmmədli
AzNews.az