İqbal Mahmudovun qətli ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər

29 Mart 2013 16:21 (UTC+04:00)
Ukraynanın Makeyevka şəhərinin Qornyatskiy Rayon Məhkəməsində Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, biznesmen İqbal Mahmudovun qətli ilə bağlı keçirilən növbəti prosesdə şahidlər dindirilib.

Bu barədə APA-ya məlumat verən İ. Mahmudovun qardaşının həyat yoldaşı Taisiya Mahmudova bildirib ki, şahidlərdən Əliyev Rizvan və Abdullayev Səbuhinin məhkəmədə verdiyi ifadələr istintaq zamanı verdiyi ifadələrdən fərqlənib: "Onlara təzyiqlər göstərirlər, ona görə də qorxurlar və düzgün ifadələr vermirlər, təqsirləndirilən şəxsləri müdafiə etməyə çalışırlar. Biz məhkəmədən istintaqa yanlış məlumat verdiyinə görə həmin şəxslərin cəzalandırmasını tələb edəcəyik".

T. Mahmudova əlavə edib ki, məhkəmədə dindirilən İ. Mahmudovun cangüdəni qətlin necə baş verdiyi barədə danışıb: "O məhkəməyə bildirib ki, İqbal Mahmudov maşını "Kaspiy" restoranı qabağında saxlayıb və maşından düşüb. Bu zaman motosikletdə olan iki gənc 5 metrdən ona atəş açmağa başlayıblar. Atəş nəticəsində İqbal Mahmudov qol, döş və qarın nahiyəsindən güllə yaraları alıb. Lakin cangüdəni vaxtında onu qoruya bilməyib. Onu da deməliyəm ki, İqbal Mahmudovun qətlindən sonra Donetskdə və Makeyevkada fəaliyyət göstərən bir çox ticarət nöqtələri, şirkətlər bağlanılıb, çünki İqbal Mahmudov onların fəaliyyət göstərməsi üçün böyük köməklik göstərirdi".

Növbəti məhkəmə iclası aprelin 4-ə təyin edilib.

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Onlar hamısı dəmir barmaqlıqlar arxasındadır.

Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanılıb.

AzNews.az