Talış radiosu ilə bağlı Yerevanda mətbuat konfransı keçirildi
29 Mart 2013 17:04 (UTC+04:00)
Şuşadan yayılan "Talışıstanın səsi" radiosu ilə bağlı Yerevanda mətbuat konfransı keçirilib. "Media forum" saytı xəbər verir ki, mətbuat konfransını martın 29-da Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryan və "Modus Vivendi" Mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı sabiq səfiri Ara Papyan keçiriblər.
Papyan deyib ki, "Talışıstanın səsi" radiosunun açılması Qafqaz İranşünaslıq Mərkəzinin və "Modus Vivendi" Mərkəzinin birgə təşəbbüsüdür, humanitar məqsədlər güdür: "Bu təşəbbüsə həmçinin insan hüquqları prizmasından baxmaq lazımdır".
Asatryan bildirib ki, qonşu Azərbaycanda iki milyon nəfərə yaxın talış yaşayır: "Bu radio talış dilində ilk radiodur". O qeyd edib ki, radionun işinə erməni mütəxəssislər, tələbələr, elm xadimləri və bir qrup talış cəlb olunub.
Papya radionun Şuşadan yayılmasının ilk növbədə texniki motivlərlə bağlı olduğunu iddia edib: "Həm də Şuşanın bir vaxtlar Qafqazın mədəniyyət mərkəzlərindən biri olduğu nəzərə alınıb".
Mətbuat konfransında qeyd olunub ki, martın 20-də açılan radio böyük uğur qazanıb, dünyanın müxtəlif bölgələrindəki talışlar proqrama materiallar göndərirlər və gələcəkdə proqramın həcmi artırılacaq. İndi radio gündə bir saatlıq proqramla yayılır.
AzNews.az