İki qonşu dövləti çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət bağlayır. Xalqlarımızın arasındakı əlaqələr tarixi dostluğa əsaslanıb. Zaman keçdikcə hər iki dövlət bu irsi qoruyub saxlayır və dövlətlərarası münasibətlər strateji tərəfdaşlığa çevrilir. Rusiya ilə Azərbaycan arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərləri iki ölkə ərasındakı əlaqələri daha da gücləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və səmimi dostluq şəraitində baş tutan görüş medianın diqqətindən yayınmayıb kifayət qədər müsbət fikirlər söylənilib. Rusiya ilə Azərbaycanı həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Görüş zamanı Prezident İlham Əliyevin bəyanatında da bu məsələyə toxunuldu: “Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç “Şimal-Cənub” layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il “Şimal- Cənub” nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq.”
Öz növbəsində Vladimir Putin də mətbuata bəyanatında Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrə toxundu. Rusiya Prezidenti bildirdi ki, “Şimal-Cənub” dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Marşrutun ayrı-ayrı hissələri üzrə artıq iş aparılır: “Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir. Regionlararası əməkdaşlıq mövzusunu da müzakirə etdik. Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək.”
Rusiya və Azərbaycanın dövlət başçılarının son görüşündə imzalanmış çox -saylı sənədlər və toxunulan mühüm məsələlər bir daha göstərir ki, iki ölkə arasında əməkdaşlıqda qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır. Azərbaycan Prezidentinin Soçi səfəri Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsinə, xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaqdır. Azərbaycan və Rusiya liderlərinin görüşü Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə mühüm töhfə olacaq.
Ağalar VƏLİYEV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini