Akad. Akif Əlizadə qonağa Akademiyanın yaranma tarixi və AMEA-nın prioritet elmi istiqamətlərdə fəaliyyətindən danışıb. Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrindən doktorantların həmin mərkəzlərdə təcrübə keçdiyini səfirin diqqətinə çatdırıb.
Səfir Alfredo Nieves Portuondo səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, ölkəsinin səhiyyə sahəsində uğurları ilə dünyada məşhur olduğunu bildirib. Qeyd edib ki, Kubanın müvafiq elmi instituları ilə tibb və biotexnologiya sahəsində əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.
Vaxtilə neft-qaz sahəsində Azərbaycanın geniş təcrübəsindən faydalanmaq məqsədilə kubalı tələbələrin Azərbaycana təhsil almaq üçün gəldiyini deyən diplomat, hazırda onların öz ölkəsində bu sahəyə peşəkar kadr kimi böyük töhfələr verdiyini də söyləyib.
Görüşdə tərəflər arasında müxtəlif elmi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər həmçinin hər iki ölkənin elmi qurumları arasında anlaşma memorandumunun hazırlanması və gələcəkdə bununla bağlı görüşlər keçirməyin vacibliyini vuğulayıblar.
Sonda səfir Alfredo Nieves Portuondo və akademik Akif Əlizadə bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.
AzNews.az