“Putinlə yaxşı münasibəti Koçaryanı həbsdən xilas etməyəcək” - politoloq

10 Sentyabr 2018 17:15 (UTC+04:00)

“Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, Cinayət Məcəlləsinin pozulması faktına görə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər Cinayət Məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da”.

Bu fikirləri Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Nikol Paşinyan deyib. Paşinyan Rusiyanın xoşuna gəlməməsinə baxmayaraq, R.Koçaryana cinayət işi açılacağını və həbs olunacağını vurğulayıb.

Politoloq Fikrət Sadıxov AzNews.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Putinlə şəxsi münasibətlərinin yaxşı olması R.Koçaryanın həbsinə əngəl deyil:

“Moskvaya getməmişdən əvvəl Koçaryan həbs olunub və azadlığa buraxılıb. Onun azadlığa çıxması təsadüfi deyil. Aydın məsələdir ki, Koçaryanın azadlığa buraxılmasının arxasında Moskva dayanıb. Koçaryan vaxtilə Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlib və neçə il dövlət başçısı olub. Onun hakimiyyətə gəlməsi 10 nəfərin öldürülməsi kimi qalmaqallı məsələlərlə bağlıdır. Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl meydanlarda bəyan etmişdi ki, bu cinayətdə bir nömrəli iştirakçı olan adamları cəzalandıracaq. Koçaryan da bu siyahıda yer alırdı. Putin Koçaryana zəng vurub, ad gününü təbrik edib. Putin Paşinyanla görüşəndə Koçaryanın həbs məsələsi müzakirə olunub. Putin işarə edib ki, o bizim adamdır. Təbii ki, Putin bütün məsələləri həll edə bilməz. Çünki bu, Ermənistanın daxili işləridir. Paşinyan indi rəqiblərini aradan götürür. R.Koçaryan, Y. Xaçaturov onun keçmiş və indiki rəqibləridir. Mitinqdəki adamlara xoş gəlmək üçün əksini desə də, digər tərəfdən rəqiblərini aradan götürür ki, maneçilik etməsinlər.”

F.Sadıxov baş nazirin eks-prezidenti həbs etdirmək iddiasında kimə arxalandığına aydınlıq gətirərkən vurğulayıb ki, bu mövzuda Paşinyanın kimə güvəndiyi hələ onun özünə də məlum deyil:

“Paşinyan çabalayır və heç özü də bilmir ki, kimə arxalanır. O, meydanda bəyanatlarla çıxış edirdi ki, münasibətlərə düzəlişlər etməliyik, bu cür inkişaf edə bilmərik. Putinlə görüşündən sonra deyir ki, bizim münasibətlərimiz əladır, dinamikdir. Bu, özü-özlüyündə o deməkdir ki, onun siyasi kursu dəqiq cızılmayıb, gələcəkdə hansı addımlar atacaq – bunu özü də bilmir. Ona görə də belə bir şəraitdə həm Qərbə üz tutur, həm də Rusiyaya loyallığını sübut etməyə çalışır. O, tam mənada Rusiyadan asılı bir ölkə rəhbərlik edir. Bütün hərbi-texniki, iqtisadi, enerji və s. məsələlərdə Rusiyanın arxasında dayanır. Mən bundan sonra onların Rusiyanın əhatə dairəsindən çıxa biləcəyini düşünmürəm.”

Pərvanə AĞAZADƏ
AzNews.az