Bunu AzNews.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Nazirlər Kabinetinin 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Şahdağ Qış-Yay Turzim Kompleksinin müdiriyyəti bundan sonra bütün tikinti layihələrini Mədəniyyət Nazirliyinin rəhbərliyi altında davam etdirəcək:
“Azərbaycan Respublikasında turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Qusar rayonunda inşa edilən müasir yay və qış dağ-idman turizm kompleksinin (“Şahdağ Qış-Yay Turizm Kompleksi) vaxtında və yüksək keyfiyyətlə tikilib, istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, ümumilikdə layihənin idarə olunmasının təmin edilməsi, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin 19 may 2008-ci il tarixli 116 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəznində təsərrüfat hesablı Şahdağ Qış-Yay Turzim Kompleksinin Müdiriyyəti yaradılıb. Göründüyü kimi Şahdağ Qış-Yay Turzim Kompleksinin Müdiriyyəti kompleksin tikintisinin yüksək keyfiyyətlə həyata keçirilməsi və başa çatdırılması işlərini nazirliyin rəhbərliyi altında davam etdirəcəkdir. Kompleksin turizm məqsədi ilə istifadə edilməsi bundan sonra da Dövlət Turizm Agentliyi tərəfindən həyata keçiriləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Müdiriyyəti ilə bağlı qərar verib. Qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az