“Pakistan Azərbaycan müdafiə sənayesinin etibarlı tərəfdaşıdır” - Deputat

12 Sentyabr 2018 10:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu pakistanlı politoloq, Pakistan Milli Müdafiə Universitetinin əməkdaşı Səid Sahibzadə deyib. Onun sözlərinə görə, “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir.

Bu mənada, pakistanlı politoloqa görə, Azərbaycanla Pakistan arasında hərbi-müdafiə sahəsində, məsələn, tapançaların, idarə olunan hərbi sursatların və tank əleyhinə raketlərin birgə istehsalında böyük potensial mövcuddur.

Mövzunu Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Zahid Orucla davam etdirdik. Onun sözlərinə görə, Pakistan uzun müddət Amerika Birləşmiş Ştatları ilə hərbi müttəfiqlik şəraitində çalışdığından özünün ən müasir hərbi sistemini, texnikalarını yarada bilib. Hazırda bu sahə üzrə Pakistanın imkanları yüksək səviyyədə qiymətləndirilir:

“Əlbəttə, bu yerdə biz həmin ölkənin sovertlər birliyi dönəmində ABŞ-la yaxın əlaqələrinin olduğunu xatırlatmağı artıq sayırıq. Bu gün Pakistan müsəlman dünyasında da mühüm çəkiyə malikdir. Uzun müddət məruz qaldığı qlobal təhlükələr sayəsində dövlət öz imkanlarını gücləndirib. Pakistanın Azərbaycanla da münasibətləri müstəqillik dövründə inkişaf edən xəttlə irəliləyib. Ən əsası isə son illər ərzində Prezident İlham Əliyev və Pakistan rəhbərliyinin qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirib. Ümumi əməkdaşlıq potensialımıza müdafiə sənayesi sahəsi də daxildir”.

Z.Oruc qeyd etdi ki, hərb sahəsində əməkdaşlıq üçün artıq real hüquqi zəmin yaradılıb. Ona görə də Azərbaycanın ehtiyac duyduğu müasir qırıcı təyyarələr, bir sıra raket qurğuları bu gün çox rahatlıqla Pakistandan alına bilər:

“Biz bu məsələdə sadəcə alıcı kimi çıxış etmirik, həm də birgə müxtəlif silahların istehsalında iştirak etmək iddiasındayıq. Bilirsiniz ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi İlham Əliyevin şəxsi nəzarəti və tapşırığı ilə müxtəlif beynəlxalq silah sərgilərdə iştirak edir. O da başa düşüləndir ki, dünyada təhlükələr və risklər artmaqdadır. Pakistan isə Azərbaycanın xarici təhlükəsizlik problemlərinə çox həssas yanaşır. Onu özünün milli maraqlarının və təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi qəbul edir. Bu da bizim üçün çox önəmlidir. Ermənistan hər zaman çalışıb ki, bir sıra İslam və Ərəb ölkələri ilə yaxın əlaqələr qursun. Lakin Pakistan və digər müsəlman dövlətləri, o cümlədən də Türkiyə imkan verməyib ki, Ermənistan bu və ya digər formada İslam dövlətləri ilə sıx əlaqədə olsun. Ona görə də Pakistanla Azərbaycan arasında gələcək hərbi əlaqələrin davam etdirilməsi bizi bu və ya digər silahlardan asılı saxlamaq istəyən, o cinahdan bizə təhlükələr yaratmağa çalışan qüvvələrin istəklərinə zərbə vurur".

Deputat vurğuladı ki, silahlanma yarışında (əlbəttə ki, Azərbaycan hərbiləşdirilmiş dövlət qurmağı qarşısına məqsəd qoymayıb) Azərbaycan bu gün çox irəlidədir. Bu mənada, Pakistanın da hərb sahəsində Azərbaycana yaxından dəstək verməsi bizim gücümüzü artırır, Dağlıq Qarabağ məsələsinin həlli yolunda imkanlarımızı genişləndirir. Əgər bu yöndə hərbi əməliyyatlar olarsa, Pakistan heç şübhəsiz ki, bütün parametrlər üzrə Azərbaycan dövlətinə yardım edəcək.

Elgün MƏNSİMOV
AzNews.az