Bakının qurtuluşuna gedən yol
"Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15 sentyabr, saat 9:00 radələrində azad edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir. Təfsilat ərz olunacaqdır.”
Bunları qəhrəmanlıqla döyüşərək Bakını işğaldan azad etmələri münasibətilə Qafqaz İslam Ordusu Komandanı Nuru paşa bütün diviziyalara təbrik göndərəndə demişdi.
Türkiyə Cümhuriyyəti həm Bakının işğaldan azad olunmasında, həm də Azərbaycanın müstəqil respublika kimi tanınmasında rol almış ilk dövlətdir.
1918-ci ilin iyunun 4-də Osmanlı imperiyası ilə bağladıqları “Qarşılıqlı yardım və Dostluq” haqqında müqaviləyə əsasən, Nuru paşa Azərbaycana hərbi yardım göstərmək üçün Bakıya gəldi.
Kimdir Nuru Paşa?
Nuri Killigil 1890-cı ildə Tükiyədə doğulub. Osmanlı ordusunun generalı, Qafqaz İslam ordusunun komandanı kimi fəaliyyət göstərib. O, 1949-cu ilin mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayışda vəfat edib.
Azərbaycan tarixində Nuru Paşa kimi yaddaşlarda qalan bu şəxs, qardaşı Ənvər paşa kimi, türkçülük uğrunda, bolşevizmə qarşı düz bir əsr öncə Bakının azad edilməsində əvəzsiz rol oynayıb.
Nuru paşanın sentyabrın 13-də göndərdiyi əmrə əsasən, 14 sentyabr saat 02:00-da 9-cu və 56-cı alay Şabanı-Bakı yolundan şimal və cənub istiqamətlərində hücuma başladılar. Artıq saat 03:00-da erməni, rus və ingilislərin müdafiə xəttini səssizcə yarmışdılar.
Saat 22:00-da ingilis hərbi birləşmələri 180 hərbçisini itirmişdi. Bu səbəblə general Denstervil “Kreyzer” gəmisinə minərək öz ordusuna Bakıdan çıxmaq əmrini verdi. Bundan vahiməyə düşən Sentrokaspi üzvlərindən Liyamlin və Sadovski ingilislərin bu hərəkətinin xəyanət olaraq dəyərləndiriləcəyini bildirdikdə ingilis general onlara bu cavabı verdi:
“Mənim Bakıdan getməyim heç də xəyanət deyildir. Çünki fikirlərim sizin hökumətə bəlli idi. Mənim hərbi qüvvələrim heç bir kömək almadan 16 saat döyüşdülər. Sizin əsgərləriniz isə çox zəif döyüşürdülər. Belə bir vəziyyətdə mən əsgərlərimin həyatını qurban vermələrinə razı olmaram”.
Artıq 2-ci günün sonunda - sentyabrın 15-də Bakı bolşevik-daşnak silahlı birləşmələrindən azad olunmuşdu. Qafqaz İslam Ordusu Komandanlığına verilmiş raportlarda Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındığı, Bakıda olan təxminən 5-6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollanmışdı. Rus və ermənilərin əsas qüvvələri isə gəmilərlə Dağıstana – Mahaçqalaya getdiyi göstərilirdi.
Hərbi ekspert Emil Həsənlinin sözlərinə görə, bu, baş vermiş ən möhtəşəm hadisələrdən biridir:
“Qafqaz İslam Ordusunun 1918-ci ildə 15 sentyabrda Bakını azad etdiyi gündür. Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı silsilə tədbirlər keçirilir. Bakının işğaldan azad edilmə günündə də hərbi parad keçiriləcək. Qardaş türk hərbçiləri ilə birgə möhtəşəm parad olacaq. R.T.Ərdoğanın da iştirakı gözlənilir. Türkiyədən böyük nümayəndə heyəti, Azərbaycan silahlı qüvvələrinin ali baş komandanı İlham Əliyev, hərbçilər iştirak edəcək. Bu, Azərbaycanın müstəqilliyinə, respublika, cümhuriyyət tarixinə verdiyi önəmdir. Türkiyə və Azərbaycanı qardaş, bir millət, iki dövlət adlandırırıq. Qəhrəman Türk və Azərbaycan şəhidlərinin xatirəsinə ən böyük töhfədir. Hesab edirəm ki, ulu öndərimizin də dediyi kimi, cümhuriyyətimiz əbədi, daimi və dönməzdir. Çanaqqala və İstiqlal savaşında 3 mindən artıq hərbiçimiz iştirak edib, həm hərbi, həm də maddi cəhətdən Azərbaycan Türkiyəyə həmişə dəstək olub. Bu gün də Türkiyə Azərbaycan əlaqələri yüksək səviyyədədir. Qardaşlığımız əbədidir.”
Ekspert Əlisəfa Mehdiyev bildirir ki, keçirilməsi planlaşdırılan bu parad Bakının azad edilməsindən 100 il sonra bu torpağın üzərində doğulmuş vətəndaşın vəfa borcudur:
“Bu, bizim tariximizdir, qürurumuzdur. Biz onların davamçılarıyıq. Hətta istəyərdim ki, bu parad o dövrün “əlbisə”ləri, nişanələri ilə keçirilsin. Türkiyə Azərbaycanla təkcə diplomatik, hökumətlərarası münasibətlərlə birləşmir. Biz eyni millətik, eyni qanla bir-birimizə bağlanırıq. Şüurlar bir-birinə yaxındır, təfəkkür, ovqat, tale eyniliyi var”.
Bir çox tarixçilər düşünür ki, o dövrdə Bakı işğaldan azad olunmasaydı, bu şəhərin, ümumilikdə Azərbaycanın müstəqilliyi sual altında qalardı.
Belə ki, Bakının xilası və paytaxt kimi bərpası Azərbaycanın əbədi varlığının zəmanəti idi.
Pərvanə AĞAZADƏ
AzNews.az