Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Bununla da Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Bu tarixi hadisənin 100 illiyi ölkəmizdə təntənə ilə qeyd ediləcək, həmçinin, ordumuzun Paradı keçiriləcək. Yubiley tədbirlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Tariximizdəki şərəfli səhifələrdən biri olan 15 sentyabrın mahiyyətini tam dərk etmək üçün Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsinə qədər baş verən hadisələrə nəzər salmaq zəruridir.
1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də isə Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə oldu.
Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Bakını işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Qardaş dövlətə bu məqsədlə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.
Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi. Xatırlatmaq yerinə düşər ki, 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələri narahat etməyə başladı. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçib. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu, həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olub.
1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi antiazərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı.
Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi. 1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də - Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak olub. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə idi.
Millət vəkili, tarixçi alim Musa Qasımlı mövzu ilə bağlı bildirib ki, o zaman Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Onun sözlərinə görə, qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu:
"Qırğınlar digər yerlərdə də davam etdirildi. Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər - ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı".
M.Qasımlı vurğulayıb ki, türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi:
"Türk ordusunun yürüşünün mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənc Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri türk və müsəlman idi".
Millət vəkilinin sözlərinə görə, Bakının azad edilməsi, əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu: "Şəhərin azad edilməsi ilə Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə "başla bədən birləşdi".
Azərbaycanlıların milli ruhu yüksəldi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. Nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin martında soyqırım qurbanlarının, 1990-cı il 20 yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir". (525.az)
AzNews.az