Koçaryanın aysberqə bənzər cinayət dosyesi

12 Sentyabr 2018 11:44 (UTC+04:00)

Məlum olduğu kimi, bu günlərdə Ermənistan gündəminin əsas mövzularından biri işğalçı respublikanın ikinci prezidenti Robert Koçaryanın həbsi məsələsidir. Məlum həbsin detallarına diqqət yetirməzdən öncə Ermənistanın ən separatçı və daşnakruhlu liderlərindən sayılan Koçaryanın qanlı tərcümeyi - halına nəzər salmaq yerinə düşərdi. Ermənistanın hərbi xunta rejiminin əsas fiqurlarından biri hesab olunan bu cinayətkar ünsür təkcə öz xalqına qarşı cinayətlərdə deyil, insanlığa qarşı törədilən qanlı faciədə- müxtəlif vaxtlarda azərbaycanlılara qarşı soyqırım əməliyyatlarında və Xocalı faciəsində adı hallanan beynəlxalq miqyaslı canilərdən biridir. Robert Koçaryan 1954-cü ildə Azərbaycanda- Dağlıq Qarabağın Xankəndi şəhərində doğulub. 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı “Miatsum” hərəkatına qoşulan və qısa müddətdə separatçıların liderlərindən birinə çevrilən baş terroçu Koçaryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib. 1991-1992-ci illərdə Dağlıq Qarabağ Ali Sovetinin deputatı, 1994-cü ildən 1996-cı ilədək qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” olub.

O, 1997-ci ilin martında Ermənistanın baş naziri təyin edilmiş, 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan Respublikasının prezidentinin səlahiyyətlərini 3 fevraldan 30 marta qədər yerinə yetirmişdir. 30 martda prezident seçilib, 9 aprel 1998-ci ildən 9 aprel 2008-ciilədək bu vəzifəni icra edib, 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezidentlikdən gedib.

Ermənistan müxalifəti Koçaryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edir. Koçaryanın hakimiyyəti dövründə Ermənistanın xarici güclərdən faktiki asılılığı o dərəcəyə çatıb ki, məhz bu dönəmdə Rusiyanın vassalına çevrilib.

Koçaryanın hakimiyyəti illəri Ermənistan tarixində də qanlı terror aktları ilə yadda qalıb. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror hadisəsini erməni siyasətçiləri və jurnalistlər Robert Koçaryanın təşkil etdiyini israrla bəyan edirlər.

2018-ci ilin aprel ayında Ermənistanda baş verən “məxməri inqilab”dan sonra işğalçı ölkənin yeni hökuməti Koçaryanın həbsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşdü.

2018-ci il iyulun 28-də Ermənistanın eks prezidenti Robert Koçaryan barəsində həbs - qətimkan tədbiri həyata keçirildi.

2 ay müddətinə həbs olunan Robert Koçaryanın ardınca məhkəmənin növbəti bir qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi olan, general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbiri tətbiq edildi. Ermənistanın keçmiş müdafiə naziri Mixail Arutunyan isə beynəlxalq axtarışa verilib. Daha sonra Xaçaturov girov müqabilində azad edilib.

Adıçəkilən şəxslər 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşmə apararaq Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham edilir. Bu maddə üzrə cinayətləri isbatlanacağı təqdirdə müttəhimləri 10 ildən 15 ilədək həbs cəzası gözləyə bilər. Xatırladaq ki, 2008-ci il martın 1-i və 2-də 19 fevral prezident seçkilərinin “nəticələrinin saxtalaşdırılması sayəsində” Serj Sarkisyanın “qələbəsini” tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət almışdı.

Bunlardan daha betər cinayətləri isə Koçaryan Azərbaycan xalqının timsalında ümumən bəşəriyyətə qarşı törədib. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımında əli günahsız Azərbaycan xalqının qanına batanlardan biri də Koçaryandır. Beynəlxalq terrorçu ilə bərabər bu qanlı faciənin törədilməsində Ermənistanın digər bir eks -prezidenti Serj Sarkisyan, Seyran Ohanyan, erməni terrorunun ideoloqlarından biri Zori Balayan və beynəlxalq terrorçu Monte Melkonyanın üzdəniraq “xidmətləri” də danılmazdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi bu cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir qəddar göstəricisidir. Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq və günahkarların cəzalandırılmasına nail olmaqdır. Koçaryan hazırda günahlandırıldığı 1 mart qırğınına görə cavab verməzdən öncə, Xocalıdakı kütləvi qırğının həyata keçirilməsində birbaşa məsuliyyət daşıdığı üçün beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Azərbaycan uzun illərdir apardığı haqq işi ilə bütövlükdə bəşəriyyətə qarşı yönələn erməni şovinistlərinin regionda həyata keçirdikləri etnik separatizm, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün necə təhlükə daşıdığını açıb göstərməyə çalışır. Beynəlxalq ictimaiyyət də bəşəri cinayətlərin “müəllifi” olan koçaryanların əməllərini qulaqardına vurmamalı, onların ədalət mühakiməsinə cəlb olunub cəzalandırılması istiqamətində Azərbaycanla həmrəylik nümayiş etdirməlidir.

Bu gün Paşinyan öz hakimiyyətini qorumaq məqsədilə Koçaryana qarşı hansısa cinayət işinin qaldırılmasına və onun istintaqa cəlb olunmasına çalışdığı kimi, hərbu xunta rejiminin bu qaniçən fiqurunun bəşəriyyətə qarşı yönəlmiş qəddar cinayətlərinə görə cavab verməsini də təmin etməli idi. Bu zaman Paşinyan hökuməti konstruktiv mövqeyi ilə diqqət çəkər, regionda sülhün yaranması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini əsirgəməmiş olardı. Amma və lakin siyasi cəhətdən səriştəsiz Paşinyanı hazırda maraqlandıran regional sabitlik yox, özünün hakimiyyət kreslosudur. Hər hansı fürsət yaranacağı halda, Paşinyanın da beynəlxalq miqyaslı terrorçu Koçaryandan heç bir şəkildə fərqlənmədiyinin şahidi ola bilərik. Bu gün Azərbaycanın mütəşəkkil və güclü ordusu olmasaydı, hakimiyyətdə olduğu bu bir neçə ay müddətində yalnız aqressiv və destruktiv bəyanatlar səsləndirən Paşinyan bəlkə də öz sələfi Koçaryandan “geri qalmadığını” sübut etməyə cəhd belə göstərərdi. Bu gün Ermənistanda Koçaryanın xalqına və dövlətinə qarşı törətdiyi cinayətlə bağlı istintaq işinin açılması Paşinyanın ədalət tərəfdarı və mütərəqqi lider olduğunu deyil, karyerapərəst şöhrət düşkünü və hakimiyyət hərisi olduğunun sübutudur. Əgər belə olmasaydı, Ermənistanın yeni hakimiyyəti miqyasına görə 1 mart hadisələrindən yüz dəfələrlə ağır bəşəri cinayətlə- Xocalı faciəsi ilə bağlı da Koçaryana qarşı ittihamın qaldırılmasına nail olardı. Bunun baş verməməsi isə Paşinyanın da elə beynəlxalq terrorçu Koçaryanın tayı olduğunun göstəricisidir. Eynilə ilanın ağı və qarası məsələsi kimi. Amma rənglərinin necə olmasından asılı olmayaraq Xocalı faciəsini törədən bütün “ilanların” mütləq beynəlxalq ədalət mühakiməsindən gec - tez alacaqları hüquqi və mənəvi lənət “payı” var...(iki sahil)

AzNews.az