1994-cü ilin 6 dekabr tarixində keçirilən ATƏT-in Budapeşt sammitinə əsasən Minsk konfransı həmsədrlərinin institutu (əvvəlcə Rusiya və Finlandiya, 1997-ci ildən isə Fransa, Rusiya və ABŞ) yaradıldı. Onların öhdəsinə düşən vəzifə silahlı münaqişənin sona yetməsi ilə bağlı siyasi razılaşmanın imzalanması üçün operativ olaraq danışıqlar aparılmasından və sonrakı mərhələdə Minsk konfransının çağırılması üçün şərait yaradılmasından ibarət idi. Çox təəssüf ki, 24 ildir ki, bu institutun missiyası nəticəsiz şəkildə davam edir. Artıq bir çox siyasətçilər haqlı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna inam və ya etimad göstərmir.
Bununla bağlı Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov da öz düşüncəsini bildirib. O, ”Minsk qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz, bu problemi yalnız Azərbaycan, Rusiya və Ermənistan liderləri həll edə bilərlər” - deyə, bəyan edib.
Əlbəttə, ayrı-ayrı siyasətçilər, ictimai xadimlər tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində ATƏT-in Minsk qrupuna qarşı bu kimi fikirlərin yaranmasına haqq qazandırmaq olar. Çünki uzun illər heç bir nəticə əldə etməyən bir qurum bu cür tənqidlərə də hazır olmalıdır.
Bu gün Azərbaycan digər beynəlxalq təşlkilatlarla bərabər, ATƏT-lə də sıx əməkdaşlıq edir. Eyni zamanda, bu qurum qarşısında götürdüyü bütün öhdəliklərə layiqincə əməl edir. Lakin təəssüflər olsun ki, bu qurumun ayrı-ayrı sahələrə cavabdeh olan təsisatları bəzi məqamlarda ya qərəzli davranır, ya da ümumiyyətlə proseslərə göz yumurlar. Xüsusən də, Ermənistanla bağlı məsələlərdə bu yanaşma daha qabarıq sezilir. Buna görə də Azərbaycan tərəfi hər dəfə ATƏT-i hadisələrə obyektiv reaksiya verməyə çağırır.
Məsələn, Prezidenti İlham Əliyev elə bu gün ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən də daha çox bu məsələni qabartdı. Belə ki, Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.
Prezident İlham Əliyev, həmçinin, Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
Azərbaycan Prezidenti beynəlxalq kürsülərdə də dəfələrlə bu səpkili çıxışlar edib. Eyni zamanda, digər beynəlxalq təşkilatlar kimi, ATƏT də hər dəfə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tam haqlı tərəfdir. Amma real əmələ gəldikdə Azərbaycanın haqqı haqsız şəkildə gizlədilir.
Bizim isə tək istəyimiz və tələbimiz budur ki, istər ATƏT, istər onun Minsk qrupu, istərsə də digər beynəlxalq təşkilatlar haqqın yanında olsunlar. Belə olsaydı, yəqin ki, bu gün Yer Kürəsində heç bir münaqişə ocağı qalmazdı.
Elgün MƏNSİMOV
AzNews.az