İsveçdə seçkini udmuş azərbaycanlı: “Vəzifələr hələ bölünməyib” - Müsahibə

12 Sentyabr 2018 16:45 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, geridə qoyduğumuz həftə İsveç Krallığında baş tutmuş seçkilərdə soydaşlarımız rəqiblərinə qalib gəliblər. Bunlardan biri də Turan Əliyevdir.

AzNews.az mövzu ilə bağlı Turan Əliyevlə söhbət edib.

- Sizcə, azərbaycanlıların İsveçin idarəetməsində yer alması Azərbaycan-İsveç münasibətlərinə necə təsir edəcək?

- Məncə çox müsbət təsir edəcək. Bu seçkidən əvvəl də biz artıq qərara gəlmişdik ki, bələdiyyəyə seçilsək, Azərbaycanda olan bələdiyyələrlə dostluq əlaqələri yaradaq.

- Hazırda Azərbaycan-İsveç bələdiyyələri arasında hansı sahələrdə işbirliyi özünü göstərir?

- Mən hesab etmirəm ki, hansısa Azərbaycan bələdiyyəsi ilə İsveçdə olan bələdiyyələrin dostluq əlaqələri var. İsveçdə Azərbaycan haqqında məlumatı olanlar azdır. İlk dəfədir ki, biz İsveçdə bu qədər silsilə fəallıq göstərdik. Mən inanıram ki, bunun Azərbaycan-İsveç əlaqələrinə çox böyük təsiri olacaq.

Bəs, hansı partiyadan seçilmisiniz?

- Mən Liberal Mərkəz Sağ partiyasından (İsveçdə Centrepartiet olaraq bilinir) seçilmişəm. Parlamentdə seçimlərdən sonra 30-a yaxın nümayəndə deputat seçildi. "Bizim partiyadakı 12 namizəddən yalnız mən əcnəbiyəm. Mən verilən səslərin çoxluğuna görə ikinci yerdəyəm. Buna görə də bələdiyyədə və parlamentdə namizəd olmuşam. Bir ilin içində partiyaya və aktiv siyasətə girib möcüzə göstərən çox az insan var. Onların içindən mən başqa idarələrdə, komissiyalarda partiyanı təmsil edəcəm. Vəzifələr hələ bölünməyib. Yəqin ki, əsasən mədəniyyət, transport sahəsində çalışacam.

- Azərbaycandan bu mövzu ilə bağlı necə reaskiyalar gəldi? Təəssüratlar necə idi?

- İstər dünyada, istərsə burda yaşayan azərbaycanlılardan o qədər dəstək gördüm ki... hətta orda da gördülər ki, mənə dəstək çoxdur. Hesab edirəm ki, bu dəstəyin nəticəsində gələn seçkilərə indikindən ən azı beş dəfə çox namizədlərlə gedəcəyik. Çünki biz, öz millətimizin dəstəyini hiss elədik. Həm də bununla qürur duyduq, gözləmədiyimiz hadisə idi.

- İsveçdəki soydaşlarımız daha çox hansı problemlərlə rastlaşırlar?

- Bizim soydaşlarımızın əsasən inteqrasiya, işsizlik problemləri olur. Təbliğat qabağı işlərdə də əsasən, inteqrasiya və işsizliyin aradan qaldırılması ilə bağlı məsələləri daha qabartmaq, cəmiyyətə, aidiyyatı qurumlara ötürməklə məşğul oldum. Mən hesab edirəm ki, inteqrasiya güclü olarsa, azərbaycan toplumu olaraq daha çox nailiyyətlərə imza atacağıq.

- Özünüz, fəaliyyətiniz barədə nə deyə bilərsiniz? Haralarda çalışmısınız?

- Biz İsveçdə yaşayırıq. 1983-cü ildə Azərbaycanın siyasi dahilər yurdu olan Naxçıvanda anadan olmuşam. İsveçə gəlmə səbəbim xəstəliklə bağlı olub. Naxçıvan siyasi cəhətdən qaynar bölgə olduğu üçün siyasətə həmişə maraq göstərmişəm. Bu da İsveçdə də siyasi fəaliyyətimi davam etdirməyimə səbəb oldu. Mən gəldiyim vaxtlarda bacardığım qədər diaspora fəaliyyəti ilə məşğul oldum. 2017-ci ildə aktiv siyasətə Mərkəz Sağ Partiyası tərəfindən qoşuldum. 2018-ci ildə bələdiyyənin idarə heyətinin üzvü seçildim. Partiya tərəfindən parlament və əyalətdə bələdiyyə namizədi oldum. Səsvermə yolu ilə bələdiyyəyə seçildim. Burda bələdiyyələr özünüidarə orqanı sayılır. İsveçdə 290 bələdiyyə var. Bizim bələdiyyə də 8 partiya, 51 mandatla idarə olunur. Əsasən, qanun və təkliflər səsvermə yolu ilə qəbul olunur. Mədəniyyət sahəsində də deyə bilərəm ki, bizim bələdiyyədə Azərbaycan dilində dərslər keçilir. 8-ə yaxın azərbaycanlı 1 saat Azərbaycan dili təhsili alır. Bu da bizim üçün pozitiv bir şeydir. Arzu edirəm ki, İsveçdə və yaxud dünyanın hər yerində yaşayan azərbaycanlılar ən azı bir dəfə Azərbaycana getsinlər. Buradakı mədəniyyətimizi qoruyub saxlamaq üçün bu, çox vacibdir. Məsələn, mənim balaca qızım Selma 3 yaşındadır. Biz 1 ay ərzində Bakıda olduq, gələndən sonra o, dilimizdə çox gözəl danışırdı. Bütün xaricdə yaşayan azərbaycanlılar bu sahədə duyarlı olsalar, öz mədəniyyətimizi saxlamaq daha mümkün olar.

Pərvanə Ağazadə
AzNews.az