Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov öz çıxışına Azərbaycan Xalq Cümhuriyyəti tarixinin, hökümət kabinetlərinin fəaliyyəti, həmin dövr üçün Bakının strateji durumundan danışmaqla başlayıb.
Filmin rejissoru Elşən Qəni film haqda bu sözləri bölüşüb:
“Filmin ərsəyə gəlməsi üçün müraciət etdiyim adamlardan biri hörmətli generalımız Yaşar Aydəmirov və Müdafiə nazirliyinin hərbi akademiyasının müəllimi Mehman Süleymanov olub. Onların hər birinin bizim bu təşəbbüsümüzün ərsəyə gəlməsində böyük rolu olub və istər tarixi sənədlərin, istər döyüş xəritələrinin əldə olunmasında öz köməklərini əsirgəməyiblər. Hörmətli generalımız bəzi döyüş xəritələrini bizim üçün hazırladı. Çox təəssüf edirəm ki, imkanlarımız biraz məhdud oldu, biz animasiyaları düzgün verə bilmədik. Amma mənə elə gəlir ki, filmə o qədər də böyük təsir göstərməyib.
Film əsasən o dövrün və demək olar ki, bütün dövrlərin ən az tədqiq olunmuş tarixi, Azərbaycan tarixinin şanlı və şərəfli səhifələrindən birinə - Müsüslü döyüşlərinə həsr olunub”.
Filmin ərsəyə gəlməsində rolu olan QHT-nin şura üzvü Sahib Məmmədov da konfransda öz fikirlərini bildirib:
“48 gün davam edən bu döyüş nəinki o vaxtki Cümhuriyyət dövrünün həm də bugünki Azərbaycanın taleyində çox mühüm əhəmiyyət kəsb edib”.
Müharibə Veteran Qadınlarına Sosial Yardım İctimai birliyinin sədri İradə Abbas film haqda təəssüratlarını AzNews.az-a deyib:
“Əslində bu gecikmiş bir filmdir. Sadəcə olaraq o qədər dərd, o qədər problem var ki, bu məsələlərə vaxt olmur. Demək olar ki, hər günümüzdə erməni və rus birləşmələrindən bir problem ortaya çıxır.
15 sentyabr 1918-ci il Bakının erməni və rus birləşmələrinin işğalından azad olunduğu gündür. Bunun üçün bizim doğurdan da Türkiyəyə böyük bir minnət borcumuz var.
Filmin bütün kamandasına təşəkkür edirəm. Çox geniş, çox əhatəli , detalları ilə hazırlanmış bir filmdir. Ən böyük istəyimiz bu filmin bu auditoriyadan çıxarılması, televiziyalarda, təhsil ocaqlarında yayınlanmasıdır. Dəqiq arxiv materialları ilə müxtəlif dillərə tərcümə edib dünyaya çatdırmaq vacibdir.
Onu da qeyd edim ki, Rusiya həmişəki kimi öz ampluasındadır. Ermənistanda Sarkisyanın getməsi, Paşinyanın gəlməsi, dünən Ermənistan ordusunun Azərbaycana bir müharibə elan edirmiş kimi parlamentlərində qərar qəbul olunub – bütün bunların hamısı Rusiyanın senarisidi. Kimdi erməni? Hər kəs Ermənistanı da tanıyır, ordusunu da bilir, ordusunun gücünü də bilir. Heç vaxt Ermənistan durub-dururkən Azərbaycana müharibə elan etməzdi. 1988-ci ildə də sovet dövlətinin içində Ermənistan bu hadisələri törətməyə başladısa deməli Rusiyadan dəstək aldı. Bu gün də Rusiyadan dəstək alır. Putin Paşinyanı soyuq qarşıladı, Putin Paşinyana qeyri-səmimi yanaşdı bunlar köhnə yazılan senarilərin yeni görüntüləridir. Mən vətəndaş olaraq bunların heç birinə inanmıram, Azərbaycan xalqı bu qədər sadə deyil. Bu gün əgər Ermənistan Azərbaycana yeni hücum dalğası ilə bağlı ayaqlanırsa, deməli arxasında Rusiya var. Rusiya bu gün bunları həyata keçirirsə demək yenə türklərə xəyanət edəcək”.
Səidə Nurməmmədli,
AzNews.az