Təzminatın ödənməsi üçün komissiya yaradılır

30 Mart 2013 12:30 (UTC+04:00)
"Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri tərəfindən edilən hücum zamanı həlak olan Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödənilməsi ilə bağlı komissiya yaradılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa Birliyi ilə münasibətlər üzrə naziri Egemen Bağış deyib.

İsrailin baş verən hücumla bağlı Türkiyədən üzr istəməsi haqda danışan nazir, İsrailin tarixdə ilk dəfə olaraq başqa bir ölkədən üzr istədiyini deyib. E. Bağış sadəcə, üzr istəməklə iş bitmədiyini, digər şərtlərin də olduğunu qeyd edib: "Mavi Mərmərə gəmisində 9 vətəndaşımız şəhid olub. Orada yaralanan başqa bir vətəndaşımız yatağa düşüb. Biz bu 10 nəfərin yaxınlarına haqları çatan təzminatın ödənməsi üçün bir komissiya yaradırıq".

Nazir deyib ki, komissiyada İsrailin ədliyyə naziri, Türkiyə baş nazirinin müavini Bülənt Arıncın rəhbərliyi altında ədliyyə naziri, Böyük Millət Məclisinin üzvləri, parlamentdən olan hüquqşünaslar, Xarici İşlər Nazirliyinin nümayəndələri təmsil olunurlar.

Komissiyanın ilk toplantısı növbəti həftə olacaq.

AzNews.az