Dünyanın ən xoşbəxt adamının pritçası

30 Mart 2013 12:39 (UTC+04:00)
Tehran Əlişanoğlu

1 Aprel yazıçı Aqil Abbasın doğum günüdür


Çağdaş ədəbiyyatımızın ünlü simalarından Aqil Abbasın 60 yaşı tamam olur. Qutlu olsun! – deyək. Doğrusu, bu əyri dünyamızın düz vaxtlarında hər belə bayramlara sevinmək şansımız olmur. Amma il öncə, "Dolu" romanına dair qeydlərimdə vurğuladığım təki: ömür insana bir dəfə verilir, – deyirlər, – neyləməli ki, bizim bəxtimizə Zamanın "minalanmış əraziləri" düşmüş...

Aqil Abbas adı-imzası 1980-ci ildən, hələ Universitet illərindən, – "Ulduz" jurnalında bir povesti çıxmışdı, – beynimə girmiş, bugünəcən də orda, möhkəm yerini eləmiş... "Evləri köndələn yar" – povest bir yanıqlı səsin əhvalatını danışırdı; dünyaya- mühitinə- cəmiyyətə üsyan eləyirdi bu Səs, həm də o vaxtlar dəbə düşdüyü tək elə-belə, elgözünə yox, köklü, qəti, barışıqsız – mənəvi harayla! Elə ki, izi-sədası hələ də içimdə, hardasa dərinlərdə, köksüz-filansız düşüb-qalıbdı... Hərçənd povestin məzmunu, hadisə-süjet filan heç yadımda deyil; gərək ki, sonda o Səs cəmiyyətdən qopub-ayrılıb- birdəfəlik gedir, küskünlüyünə sığınırdı...

Sonra biləcəkdim, demə, prototipi Qədir Rüstəmov, o yanıqlı Səsin arxasında da ölməz Qədir Rüstəmovun özü dururmuş. Yenə də "Dolu" romanında(n) yadımızdasa: "Bu səs onu qoymurdu ki, insanları məhşərə çəkib qiyami-qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. Və bu Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan Dolunun hara vurduğunu dəqiqləşdirməyə çalışırdılar..." Çoxlarının iradına rəğmən: bəs yerinə düşür, ya yox, – Aqil Abbas bu Səsi bütün yaradıcılığından, yaradıcı ömründən keçirib də üzü bəri gətirmiş. Mənə görə: Aqil Abbasın dünyasında o yanıqlı Səs həmişə yerindədir...

Aqil Abbasın bir gənclik povestini də xatırlayıram, eyni adlı kitabında (1987) getmişdi: "Ən xoşbəxt adam". Ap-adi, günlərə səpili İnsan xoşbəxtliyinin sorağında, aydan aya səliqəylə maaşı maaşa calayan, yeri gəlmişkən, 1Aprel – doğum gününün gerçəyini də əməlli-başlı yaşamayıb, yalana çıxaran birisindən söz açırdı. "Xoşbəxtlik" burda bir pritçaydı, hamı kimi olmaq və ola bilməməyin darıxdırıcılığını fiksə edirdi... Bu ki: başqaları başının üstündən məşhur həmkəndlilərinin portretini asıb lovğalananda bu gənc fərli-başlı birisinə güvənib də arxalana bilmir: "Əslinə qalsa, kənddə iki tanınmış adam vardı – amma həmin adamların məşhurluğu yalnız rayon ərazisindəydi. O məşhur şəxslərdən biri öz atasıydı ki, kolxoz sədriydi və rayonda sədrləri hamı tanıdığından, təbii ki, onun atası da tanınmışdır. O birisi suçu Şöhlət idi..."

Bugün Aqil Abbas bir zaman gənc qəhrəmanının tapıb-sığına bilmədiyi o məşhur adamın özüdür ki var. Millət vəkili, adlı-sanlı, karlı-imkanlı, cəmiyyət içrə seçilən bir Sima; millətin, xalqın, toplumun sözünü deyən bir Səs. Xoşbəxt olmaq üçün başqa nə lazım; əldə qələm, ya kürsü arxasında yüzlərin-minlərin-milyonların Səsini eynən yüzlərə-minlərə-milyonlara çatdırır, elini-obanı, Vətəni-torpağını ən ali məqamlarda-mərtəbələrdə təmsil edir, tərcümanı olursan... E-heyyy, 60 yaşın eləyib də, eləyə bilmədikləri! "Dolu" əsasında çəkilmiş filmin mahal-mahal dolaşıb, hər gün, hər saat toplumu özünə xatırlatması, və budur, sərhədləri aşıb-daşıb da, Vətənin yaraları, Qarabağ həqiqətlərini məhz necə var elə dünyaya car çəkməsi... – əsl sənətkar əzmi, yazıçı missiyası, 60 yaşın şöhrətinə açılmırmı?!

Həcmcə Aqil Abbasın bədii yaradıcılığı çox da geniş deyil; ilkin yaradıcılığına xas sıra hekayələr – "Şirinlik" (1976), "Şəbədə Nazim" (1977), "Süsən Sünbül" (1978), "Əbili gəldi" (1983), "Şeytana papış tikənlər" (1983) və s.; povestləri – "Ən xoşbəxt adam" (1978), "Günah" (1979),"Evləri köndələn yar" (1980), "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" (1999), "Qarda açan qan çiçəyi" (2001), üç roman – "Batmanqılınc" (1988), "Dolu" (2007), "Allahı qatil edənlər" (2011)... Amma sanballıdır!, milli nəsrin az qala son yarım əsrini (1970- 2010-cu illər) başlıca tendensiyalarında, problem-mövzu aktuallığı, estetik gəlişmə etibarilə təmsil edə, səciyyələndirə bilir...
Ədəbiyyat yazılarımda mən Aqil Abbası nəsrimizdə Azərbaycan modernizmini gəlişdirən, gətirən yazarlar sırasında anıram. Dünya ədəbiyyatı və milli nəsrin təcrübəsindən bəhrələnməklə, o öz, məxsusi üslubunu yaratmış az sayda modern yazarlarımızdandır. Əlbəttə, ilk yaradıcılığında bu yalnız axtarışlar səviyyəsindədir. Hekayələrində yazıçı hələ dünyanın tərs nizamına qarşı dura biləcək qəhrəmanını və adekvat olaraq onun bu dünyada yerini, Səsini verə biləcək təhkiyə tərzi-məxrəcini aramaqdadır. 1960-1980-ci illərin oxşar süjet-motiv-qəhrəman zənginliyində bu Səsi görmək də olar, hardasa sezməmək də. "Ən xoşbəxt adam" povestində (1978) yazıçı təhkiyəni sonrakı yazı tərzi üçün çox da səciyyəvi olmayan psixoloji düşüncə sırası, altşüur axını üzərində qurur. Mətnin aurasında aşkar üslub darıxqanlığı, eyni zamanda arabir özü-özünə ironiya notları da duyulur...

Aqil Abbas nəsrinin ilk böyük uğuru "Günah" povestindən (1979) başlanır. Yazıçı bu əsərdə İnsan taleyində rezonans verən Cəmiyyət günahlarını məhz magik realizm ünsürlərinin imkan açdığı ifadə üstünlüyü ilə çözür. Monoloji etiraf tonallığında qurulan təhkiyə son halda mistik-rəmzi qatlara açılmaqla daha dərin mənalar kəsb edir. Qəhrəmanın bütün həyatını – sevincləri, nisgilləri, ağrı və iztirabları ilə əhatələyən mistik qoz ağacı eyni zamanda onun tragikomik taleyinin simvoludur. Fəlsəfi qayə və estetik cazibədarlığını mətn bugün də saxlamaqdadır: İnsan ömrünün bahası yetişdiyi mənəvi mühitə bağlıdır.

Aqil Abbasın əsl yazıçı bioqrafisi də eləcə, kökü dərinlərə işləyən, doğma torpağa bağlılıqdan nəşət alır. Əslən Qarabağdan olan Aqil Abbas, tale belə gətirmiş ki, bir yazıçı kimi də qələmini büsbütün yaralı Vətənin dərdi-dərmanı-əlacına yönəltmiş. Azərbaycan varlığı, Azərbaycan mənasını Aqil Abbas bugün qan ağlayan Qarabağ həqiqətləri üzərinə yazmış da, kəşf eləmiş. Heç də qan ağlamaq üçün yox, əlbəttə; əksinə, milli varlığın daim var, var olmuş və var olası tərcümeyi-halına varmaq, hali olmaq, istiqbalına sevinmək üçün...
Ədəbi tənqid Aqil Abbası İlyas Əfəndiyevin ardınca növbəti "Qarabağnamələr müəllifi" kimi tanıtmaqda haqlıdır. Yazıçının istər müasir mövzuda əsərləri, istərsə də tarixi mövzuda qələmə aldığı "Batmanqılınc" romanı ünlü Qarabağın həyatı, mədəniyyəti, qəhrəmanlıq tarixi, mərd və hünərli insanlarından söz açır, Azərbaycan varlığını Qarabağ salnaməsi üzərində təsbit edir. O cümlədən müharibə "trilogiyası"nda ("Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qarda açan qan çiçəyi", "Dolu") Qarabağ insanının 1990-cı illərdə üzləşdiyi hər növ bəlalar ümummilli problem səviyyəsinə qaldırılır, geniş zaman kontekstində bədii təcəssümünü tapır.

"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestini (1992-1999) yazıçı uzun sürəyə ərsəyə gətirməsinin müşkülü barəsində deyir: "Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli bir qələm sahibi olmalısan..." "Ən uzun dərdli hekayə" deyə janr verdiyi əsərin adı nə qədər publisist səslənsə də; və hekayədə qaçqınların həyatı, çadır düşərgəsində cərəyan edən real mənzərələr nə qədər publisist kəskinliyi ilə qabarsa da, povest bütövlükdə romantik nəfəs zəminində qələmə alınmışdır. Qanad taxdığı romantik halə içərisində Aqil Abbas qəhrəmanını da, onu əhatə edən müharibə durumunu da olduqca canlı, inandırıcı ehtiva və təqdim edə bilir. Çılğın ruhlu Müəllimin həyatı, həyat tərzi, mərd-vətənpərvər xarakteri fərqli davranışı-hərəkətləri, etiraz və mənəvi üsyanının şərti və rəhni olur. Sülh və əmin-amanlıq dövrünün azad milli insanı müharibənin yaratdığı anormal, ədalətsiz, qeyri-insani şəraitə heç cür dözmür, dözməməlidir də! - əsərdən alınan başlıca qayə budur.

Azərbaycan kişisinin əxlaqını təcəssümləndirən Müəllim böyük təzyiqlər və top-tüfəng sədaları altda doğma kəndini tərk edərkən artıq özünü məğlub sayır. Ailəsinin, uşaqlarının xilası naminə, çıxılmazlıq məqamında atılmış bu köçlə, Vətəndən Vətənə qaçqınlıqla o heç cür barışa bilmir. Tarix müəllimi olan, vaxtilə şagirdlərinə odlu-alovlu Vətən dərsləri keçən qəhrəman sinfə girib, ritorik dərslər deməkdən bilmərrə imtina edir. Vətənin haçansa, kimlər tərəfindənsə azad olacağı günə səbri çatmayıb, fərdi mübarizə yolunu seçir: təkbaşına Stepanakertə- Xankəndinə gedib, düşmənini məhv edir, özü də şəhid olur. Bu baxımdan "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" əsəri 1990-cı illər nəsrinin Qarabağ mövzusunda ümumiləşmiş qənaətini əks etdirir. Bununla milli ədəbiyyat ədalətsiz müharibə nəticəsində Azərbaycan cəmiyyətinin, Azərbaycan varlığının düşdüyü duruma qarşı etiraz manifesti ilə çıxış edirdi.

2001-ci ildə qələmə alıb, 2005-ci ildə kitabça şəklində dərc etdirdiyi "Qarda açan qan çiçəyi" povestində Aqil Abbas bilavasitə sərt müharibə mənzərələrini nəsrə gətirir. Bu əsərdə də yazıçının qrotesk üslubu aparıcıdır, amma qroteskə bilmərrə müharibə həqiqətlərinin özü çəkir. Komandirin başçılıq etdiyi balaca bir dəstə Hinal dağında donur, amma mövqeləri ermənilərə tərk etmir. Povest müharibənin acısını bu və digər qrotesk-mənzərələr, tükürpərdici döyüş lövhələri və inanılmaz insan əməlləri ilə, müharibə və arxa cəbhənin tərs durumu, millətçilik və insanilik səhnələrinin toqquşdurulması, gerçəklərin absurdluğu və qələbənin əfsanələşməsilə oxucunun qəlbinə sızdıra bilir: "Dünyada bundan da böyük ağrı olmazdı. Düşmən Vətəndə ocaq qalayıb bu ocağın istisinə qızına bildiyi halda, Allah bu oğulları öz vətənlərində Allahın bir ocağına da qıymamışdı". Yazıçının niyyəti – mənaların tərs mütənasib düşdüyü dünyada əsl insani dəyərlərin qürurunu oxucuya təlqin etmək, yaşatmaqdır; harda ki, erməni vəhşiliyi var, həmincə alternativ türk insaniyyəti qarşısında məğlub və məhv olmağa məhkumdur.

Aqil Abbas 2007-ci ildə Qarabağ müharibəsi mövzusunda daha əhatəli "Dolu" romanını dərc etdirdi. Yeni ədəbi-mədəni kontekstdə mövzuya qayıdış real həyatda həllini tapmayan Qarabağ münaqişəsinə ictimaiyyətin diqqətini artırmaqla yanaşı, hadisələrə daha sərt mövqedən, analitik yanaşmanın vaxtının çatdığını da vurğulayırdı. Cəmiyyət yaddaşının 1990-cı illər durumunu roman janrının imkan verdiyi geniş əhatədə təzələmək həqiqətən də böyük effekt doğurdu, roman ictimaiyyət arasında gərəyincə rezonans yaratdı. Doğrudur, müəyyən tənqid notları da oldu, amma bu heç də romanın irəli çəkdiyi yüksək qayənin yeriməsinə mane ola bilmədi. "Dolu" haqqında qeydlərimdə mən həmin tənqidləri yazıçı üslubuna, Aqil Abbasın nəsr poetikasına gərəyincə bələd olmamağa yozdum.

"Dolu" romanında Aqil Abbas Qarabağ müharibəsini ilk dəfə olaraq xalq müharibəsi kimi qələmə alır – bütün üstünlüyü və kəsirləriylə... Buna gətirən səbəblər-realiyalar-düyünlər genişliyi, təfərrüatlarıyla romanda görünür, izahını tapır. Əsərin ideya mündəricəsi daha əhatəlidir; "Dolu" milli varlıq barəsində, milli varlığımıza ayna tutan bir roman kimi düşünülmüş, yazıçı ilk dəfə olaraq "Qarabağ müharibəsi"ni sadəcə müharibə kimi təsvir etməklə qalmayıb, roman panoramı, roman düşüncəsi səviyyəsində bu Müharibənin xarakterinə, nəmənəliyinə varmağa, hətta "müharibə"liyini şübhə altına almaq qədərincə cəhd etmişdir. Müharibə və milli varlığımız, bir xalq-millət-cəmiyyət olaraq son əsrlərdə artıq neçənci dəfə özümüzü təsdiq etmək zərurətində qalmağımız roman müstəvisinə gəlir. Müharibədirsə də bu, heç də məhəlli yox, daha çox bizim Dünya ilə savaşımızdır: "Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazmışdılar..."

Belə ki: Millət məzmununun yuxarıdan-üstdən başlayıb, cəmiyyətin bütün səviyyələrində sarsıldığı, az qala yoxa çıxdığı bir zamanda Müharibə, istər-istəməz, onun, Millət şüurunun altqatında, altşüurda olan, daha dərin, genetik kodları oyadır, hər cür yalançı ictimai təsisatlardan xali torpaq-yurd duyğularını, milli mənəviyyat-qeyrət hisslərini hərəkətə gətirir: "Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı!" Bu artıq əsl xalq müharibəsinin başlandığı məqam olur: "Və heç kəs – nəinki At belində olan özümüzünkülər, hətta bu Kinonun Böyük Dövlətlərin Böyük Saraylarında oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər..."

Romanda başda Komandir olmaqla xalq mübarizəsi və müharibəsini təmsil və təcəssüm etdirən xeyli parlaq obrazlar var; real və tipik – Katib, Rəis, Səhiyyə Nazirinin Müavini, Müdafiə Naziri kimi çox yerdə At belindən düşüb, camaatının, xalqının yanında durmağa hazır insanlar və İdealı təmsil edən, xalq müharibəsinə yaraşan romantik jestləri, milli xarakter və fantastik şücaətləri ilə seçilən Komandir, Drakon, Pələng kimi əsl qəhrəmanlar... Artıq vurğuladıq: nəhəng, romantik fiqurları müharibənin, ekstremal şəraitin özü irəli çəkir. Müharibə mahiyyətcə absurd bir şeydir, insanların bir-birini qırması başdan-başa ölüm səhnələri deməkdir; burda mübaliğəyə hacət yoxdur – qələm istəyir bu mənzərənin qabağında tablaya. Bu mənada Aqil Abbasın qələmi qənirsiz, az qala kino-kamera gücündədir. Döyüşən Komandir və onun komandasının obrazı romanda bitkin və bütövdür: "Məni güllələmək lazımdı! Bu torpağı qoruya bilmədiyimə görə... Ölmək doğulduğun torpağı düşmən tapdağı altında görməkdən min dəfə şərəflidi..." Roman qəhrəmanının dilindən səslənən bu sözlər böyük etiraz enerjisi daşıyır; mətndə məğlub Şəhərin məğlub Komandiri İdealı öz ölümü ilə təsdiqləmiş olur...

Deyirlər, Aqil Abbas həyatda da qəhrəmanları kimidir; yaxından müdaxiləm olmadığından təsdiq ya təkzib etməyim düz olmaz. Amma bəsbəlli, məgər bu qəhrəmanları yaradan onun özü deyilmidir?! Və bir qayda: yazıçı qeyri-ordinar, tam fərqli, hətta tarixən ziddiyyətli, "mənfi" imic qazanmış, əfkari-ümumiyyə ilə barışmayıb, mənəvi şərlə öz bildiyi tək savaşan, mücadilə edən şəxsiyyətlərə, qəhrəmanlara üstünlük verir... Məhəmməd bəy Batmanqılıncı yada salın; az qala bütün sovet dönəmi tarix kitablarında bu ad olsa-olsa M.P.Vaqifin qətlinə fərman vermiş mənfi bir tip kimi xatırlanırdı. Romanda Aqil Abbas nəinki bu fəci qəhrəmanın tarixi haqqını bərpa etdi, habelə onun iti, dönməz qılıncının işığında Qarabağ xanədanının tarixini sanki təzədən yazmış oldu.

Yaxud "Dolu" romanında: XX yüzilin sonu, basa-basa gəlib birbaşa Qarabağın göbəyində Şəddadın divanını eləyən, "kimini vəzifəyə gətirib, kimini vəzifədən götürən, kiminə də torba tikən" imperiya nökəri Polyaniçkonu cəsarətli-sərt mövqeyi ilə yerində otuzduran Rəisi yada salın...

Ya "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestində çıxış üçün cibinə dürtülü yıpraq-saxta, barışıq dolu mətni unudub da, qorxmadan Ölkə başçısı qarşısında Qarabağ ittihamnaməsini Respublika sarayı dolu məmur ordusunun üzünə çırpan Müəllimi xatırlayın...
Dördkünc tele-ekran qarşısında, dəfələrlə, eynən nitq irad edən Aqil Abbası müşahidə eləmişəm; hərçənd yüz, min, onminlərlə seyrçisi-azarkeşi kimi. Sərrast-dürüst, problemi kökündən cızan açıq-publisist çıxışları, cavabları azlıq edir sanki... Gizləməyə çalışdığı, qəfil bir acıqla durub hər şeyin səbəbi, cümlə xəyanətlərə bais mənəvi Şəri elə bil indi-burdaca, yerindəcə əzəcək, yox edəcəkmiş; mücərrəd anlayışlarda-aldanışlarda yox, əməli-konkret olaraq...

Qarabağ müharibəsi başlayanda bir müddət yazarlarımız, məxsusən də nəsr yazarlarımız şaşırdı, çaşıb-qaldı; bəs "qılınclar toqquşub iş görən zaman" o günəcən quru vicdana sığınmışlar nə etməli, nə yazmalıydılar ki, ümumxalq savaşına bir qatqısı ola. Uzun zaman yazıçılar oriyentir götürə bilmədilər; kimsə də nəsə yazdısa da, şeiri, hekayəni, hətta tez-tələsik "romanları"nı topa-tüfəngə çevirməyə çalışdısa da, çoxusu oradaca boşuna getdi...

Bütün 1990-cı illər ərzində Aqil Abbas publisistikaya üstünlük verdi; həm də təkcə top-tüfəng əvəzinə Sözlə yaylım atəşi açıb durub-gözləyən yox, bilavasitə iş görən, problem həll edən, əməli publisistikaya! Aqil Abbas ol zamanlar haqqında əfsanələr dolaşan "Ədalət" (1990) kimi, hələ də ayaqda olan bir mətbu orqan yaratdı. Deyirdilər ki, qəzet hətta ilk illərdə haqq-ədalət işi uğrunda savaşda, əsl müharibə dövrünün qanunlarına uyğun, hər vasitədən istifadə edir, yüzlərlə-minlərlə, yüz minlərlə qaçqını-köçkünü olan cəmiyyətin, hər yerdən əli üzülü çarəsiz insanların köməyinə nəyin bahasına olursa-olsun yetməyə çalışırdı...

Bütün bunlar barəsində mən yalnız qulaq şahidliyi ilə danışa bilirəm; ona görə ki, söylədiyim tək: "müharibə zolağı"nın bilavasitə haqlayammadığı "ədəbiyyat cəbhəsi"ndəydim. Amma söz misalı, əyani bir kuryez xatırlayıram. 1996-cı ildən "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini kimi guya vacib bir postda çalışırdım. Günlərin bir günü üz-gözündən yorğunluq-küskünlük tökülən bir kimsənə qapımı açıb: "Məni Aqil Abbas göndərib, deyir, orda boş-boşuna oturub-neyləyirlər. Heç olmasa, bir nəfər ehtiyacı olana yardım göstərsinlər..." – təxminən bu cür özünü tanıtdı. Bir anlıq duruxdum; əslində, Aqil Abbasla birbaşa tanışlığım yox idi, olsa-olsa, Ədəbiyyatdan tanıyırdı məni (heç indinin özündə də bu tanınmış insan, məşhur yazıçı ilə oturub kəlmə kəsməyimlə lovğalana bilmənəm). Üstəlik, maddi durumca da mən elə Aqil Abbasın təsvir elədiyi həmən o maaşı maaşa calayan "dünyanın ən xoşbəxtləri"ndən birisiydim. Bununla belə, özümü itirməyib, cibimdə nə vardısa, qaçqın həmvətənimin deyilməz halına şərik olmağa tələsdim; vəziyyətimi anlatıb, istərsə bir də ayın axırında, maaş zamanı yaxınlaşmasını buyurdum... Amma onu da özlüyümdə fərq elədim ki: bu nədirsə, mənlik deyil; görünür, Aqil Abbasın Ədəbiyyatdan, "Ədəbiyyat qəzeti"ndən, bəlkə də bütünlükdə ilin-günün bu çağında boşunalığı özünə rəva bilən "ədəbiyyat cəbhəsi"ndən nəsə bir umacağı var...

Aqil Abbasın Ədəbiyyatdan umacağı vardı. Bir qədər sonra, nəfəs dərib, düşünmək və düşündürmək məqamı gələndə bunu biz onun bir-birinin ardınca yazılan "müharibə əsərləri"ndən də görəsiydik... Aqil Abbasın "ədəbiyyat cəbhəsi"ndən də umacaqları varmış. Belə ki, 2002-2003-cü illərdə "Ədalət" qəzeti, sanki "Ədəbiyyat qəzeti"nə alternativ, bir sıra "Ədəbiyyat" əlavələri təsis edib, ədəbi gəncliyə geniş meydan verəndə buna da şahid olduq. Mən ədəbi proses yazılarımda bu dönəmdə milli ədəbiyyatın 1990-cı illərin çox ağır keçid-böhran havasından durulub-qurtulub, təzə əsrin tam sərbəst, modern ovqatına köklənməsində "Yeni Azərbaycan" qəzetiylə yanaşı "Ədalət"in Ədəbiyyat əlavələrinin də danılmaz rolu-iştirakına dəfələrlə diqqət çəkmişəm. Həmin missiya, əlbəttə ki, ilk növbədə qəzet redaktorunun özünün azad-sərbəst xarakterindən gəlir, geniş-plüralist-modern düşünmək bacarığı ilə şərtlənirdi. Məxsusən, müstəqil demokratik bir cəmiyyətdə mətbu sözdən kənar, hələ də andeqraund-ədəbiyyatın mövcudluğu bir nonsensdi ki, "Ədalət" böyük ürək genişliyi ilə səhifələrini həmin ədəbi qrupların üzünə açdı...

Aqil Abbas yazıçılıq missiyasının nəmənəliyini çox gözəl bilən, az yazıb gərəkərsə susmağı da bacaran, o cümlədən gərəkli sözü zamanında söyləyən, qələmə alan yazıçıdır. Bəzən deyirlər: Aqil Abbasın əsərlərində müəllif "mən"i, həyat hadisələrinə birbaşa müdaxilə, publisist kəskinlik aşkardır. Bədii "zəifliy"ə yozulan bu notu, əslində, mən nasirin üslubundan, yəni özünəxas, "qüvvətli tərəfi" bilirəm. Publisistika, birbaşalıq burda təsvir vasitəsi, sözün meydanı deyil ki, etiraz mövqeyi, yazıçı yanaşmasıdır; başdan-başa mətndə müəllif müdaxiləsi-yozumu-mənalandırmasını üzərinə götürmüş təhkiyə nöqtəsi-başlanğıcıdır. Aqil Abbas nə deyirsə, oxucuya nəyi təlqin etmək qəsdindədirsə, – ilk cümləsindən, mətn boyu, son nöqtəsinəcən, – aşkar, vahid üslubi akkordlar daxilində deyir. Odur ki, hər yeni əsəri hər növ (lehinə, ya qəsdinə) küy və rezonansa meydan verə də bilər; eləcə də son illərdə qələmə aldığı "Ölülər"i, "Allahı qatil edənlər" romanı...

Aqil Abbas tip etibarilə, bir vaxtlar deyildiyi kimi: ağrı-etiraz ədəbiyyatının nümayəndəsidir. Bütünlükdə minor köklü həmin nəsrin majoru eləcə etiraz akkordlarındadır. Bütöv bir ömür boyu səslənən, gur-yanğılı-bas səsli, 60 yaşın akkordları; bu akkordlara həssas olmağa, onu eşitməyə dəyər...

Doğrudur ki: Ömür insana bir dəfə verilir. Amma dünyanın bir yalan günündə doğulub, onu doğruya çevirmək hər kəsə müyəssər olmur. Qutlu olsun Yubiley yaşın, Aqil Abbas!