Türk şəhidinin məzarı ziyarət edilib - Acıdərədə

15 Sentyabr 2018 09:07 (UTC+04:00)

Bu gün Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarı o illərin şanlı qəhrəmanlıq tarixidir və hər il buraya minlərlə ziyarətçi gəlir.

AzNews.az-ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın və Türkiyənin rəsmi şəxslərin, o cümlədən Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk qaziləri, ziyalılar, eləcə də Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər sentyabrın 14-də Acıdərədə şəhid türk əsgərinin məzarını, şəhidin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrəhman Uzun abidənin və məzarın üzərində təmir işləri apardıqlarını və bundan qürur duyduğunu söyləyib.

Mərasimdə çıxış edən Arzu Ənvər Azərbaycan-Türkiyə qardaşlığından danışıb. O, vurğulayıb ki, bu gün burada olmaqdan şərəf duyur, çox kövrək hisslər keçirir. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin davam edəcəyini söyləyən qonaq Türkiyənin həmişə Azərbaycanın yanında olacağını bildirib.

AzNews.az