Azərbaycan tarixinin 15 Sentyabr təqvimi - Özəl rəylər

15 Sentyabr 2018 17:13 (UTC+04:00)

Parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən keçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.

AzNews.az xəbər verir ki, SİA paradla bağlı deputatların fikirlərini öyrənib.

Milli Məclisin deputatı Zahid Oruc: “Azərbaycan Milli Ordusunun Qafqaz İslam ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı verilən qərar həm təhlükəsizlik, həm hərbi, həm də böyük siyasi məna daşıyır. Burada diqqət etməli olduğumuz önəmli məqam yalnız tarixi dirçəltmək, Türkiyə və Azərbaycan arasında qardaşlığın ortaya çıxardığı hadisələri tərənnüm etmək, 100 il əvvəlki dövrlə paralellər aparmaq, bugünkü təhlükələrə qarşı da Türkiyə-Azərbaycan əsgərlərinin yanaşı addımlamasını təmin etmək deyil, daha artıq dərəcədə bölgəsəl miqyasda iki dövlət arasında ötən dövrlər müddətində formalaşan münasibətlərin zirvəsini ortaya qoymaqdır. Bildiyiniz kimi parada Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Tədbir kifayət qədər, çətin və mürəkkəb dönəmdə həyata keçirilir. Bu baxımdan deyə bilərik ki, parada həm də Azərbaycan və Türkiyənin əleyhinə olan bütün digər təhlükələri hədəfə almış olur. Məhz 15 sentyabr hadisəsi təqvimizin başqa bir günü üçün vəsilə, səbəb, bazisi olmaqla yanaşı onu formalaşdırmaq üçün önəmli bir gündür. Əminəm ki, qeyd etdiyimiz siyasi təqvimə Dağlıq Qarabağın işğaldan azad olunması günü də əlavə olunacaq”.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı: “Sentyabrın 15-i Bakının yadelli qüvvələrdən azad edildiyi gündür. Bu günün böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var. Onun əhəmiyyətini başa düşmək üçün 100 il əvvəlki dövrdə baş verən proseslərə nəzər yetirmək lazımdır. Bolşevik Rusiyası Birinci dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər.

Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində olub. Qırğınlar digər yerlərdə də davam etdirildi. Ümumqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər-ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər Paşa qardaşı Nuru Paşanı ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü. Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından - 50-ci illərin ortalarınadək SSRİ-Türkiyə münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. Nəhayət, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin martında soyqırımı qurbanlarının, 1990-ci il 20 yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir”.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli: “15 sentyabr Azərbaycan tarixinin ən yadda qalan, xalqımızın taleyində xüsusi təqvim kimi qeyd olunmağa layiq bir gündür. Çünki, 1918-ci ilin sentyabrın 15-də Bakı erməni işğalçılarından azad edilib. Bu tarix ümumi görünüşdə bir şəhərin işğaldan azad olunması, işğalçının məğlubiyyətini ifadə edə bilər. Lakin məsələnin mahiyyətinə baxdıqda, onun məntiqi dərin köklərə bağlıdır. Burada təkcə Bakının erməni işğalından azad edilməsi deyil, bütün millətin azad edilməsi, müstəqilliyinin əldə edilməsi, xalqın taleyində yeni prosesin başlanması, Şərq islam aləmində elan olunan Demokratik Cümhuriyyətin kağız üzərindən real həyata köçürülməsi idi. Bu gün keçiriləcək parad bir millət və iki dövlətin birgə səyi, qüvvəsi, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya bəyanı, bizi sevməyən qüvvələrə mesajdır: Azərbaycan və Türkiyə ordusu birdir. Bir millətin iki dövləti bir dövlətin səviyyəsində fəaliyyət göstərə bilir və istənilən məqamda istənilən adımı atmaq iqtidarındadır”.

AzNews.az