Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq - Azərbaycan Prezidenti

15 Sentyabr 2018 19:18 (UTC+04:00)

AzNews xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.

Türkiyənin böyük iqtisadi gücə malik ölkə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir.

Türkiyənin çox güclü orduya malik olduğunu da diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu həm Türkiyə, həm də Azərbaycan üçün qürur mənbəyidir. “Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim”, - deyə Azərbaycan Prezidenti bildirib. (Azərtac)