Britaniyalı deputatların Bakı səfəri

30 Mart 2013 18:05 (UTC+04:00)
Böyük Britaniyanın Leyboristlər Partiyasından olan parlament üzvləri Bakıda səfərdə olub.

Avropa Azərbaycan Cəmiyyətindən apa-ya verilən məlumata görə, Böyük Britaniya parlametinin üzvləri Devid Hamilton, Stefen Hepbörn, Ceyms Şeridan və "UNITE Trade Union" təşkilatının (Həmkarlar İttifaqı) Baş katibi Daniel Qarden Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə martın 27-30 tarixlərində Bakıda səfərdə olublar. Səfərin birinci günündə nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və 1918-ci ildə Bakıda həlak olmuş ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər zamanı britaniyalı deputatlar Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə görüşüb, Səngəçaldakı neft terminalının fəaliyyəti ilə də tanış olublar.

AzNews.az