Qara dənizdə Rusiya fırtınası- VİDEO

30 Mart 2013 18:39 (UTC+04:00)



Kreml rəhbəri Vladimir Putinin göstərişi ilə rus ordusu Qara dənizdə hərbi təlimlərə geniş miqyasda start verib. Ani bir qərarla başlanan təlimin məqsədi ordunun döyüş qabiliyyətini yoxlamaq kimi izah edilsə də, əslində, bunu bölgədə gedən son siyasi dəyişikliklərlə əlaqələndirmək olar.

Həftə içində Ərəb Birliyi Liqasında Suriya müxalifətinə silah yardımı ilə bağlı qərarın qəbul edilməsi Fransa, İngiltərə, o cümlədən Amerikanın bunu dəstəkləməsi Moskvanı dərindən düşünməyə vadar edib.

İsrailin Türkiyədən üzr istəməsi, PKK-nın silahı yerə qoymaq kimi faktorlar Qərb alyansının güclənməsi deməkdir ki, bu da Rusiyanı daha da narahat edir.

Qara dənizdə keçirilən təlimlərdə döyüş gəmilərinin xüsusi təyinatı dəniz qüvvələri müşayiət edir. Tank və zirehli avtomobillərin yükləndiyi gəmilər də Qara dəniz sahillərinə irəliləməkdədir.

Rusiyanın müdafiə naziri Serqey Şoyqu helekopterlə Rusiyanın Qara dəniz sahillərinə gələrək təlimləri yerində izləyib. Analitiklər təlimləri Qara dənizdən çox Suriya və Aralıq dənizindəki gərginliklə bağlı olduğunu bildirirlər. Aralıq dənizində daimi dəniz qüvvələri saxlamağa çalışan Moskva Suriya rejiminin devrilməsindən sonra Tartus limanındakı bazasını itirməkdən narahatdır.

AzNews.az