Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Prezident İlham Əliyevin hərbi hissədə əsgərlərlə, eləcə də hərbi xidmətdə olan övladı Heydər Əliyevlə görüşünü şərh edərkən dedi.
Deputatın sözlərinə görə, mənəvi, əxlaqi tərəfləri özündə birləşdirən məqamlar Böyük Vətən Müharibəsində Stalinin qələbəsinin ən başlıca səbəblərindən biri idi:
“Onun “Mən əsgəri feldmarşala dəyişmirəm” ifadəsi hər bir sovet vətəndaşında böyük ruh yüksəkliyi yaratdı. Görün, nə dərəcədə mümkün müqayisədir… Bəli, bu məsələlər kifayət qədər vətənpərvərlik hissinin oyadılmasında, 20 faizi işğal altında olan bir ölkənin gənclərinə bir ibrət dərsidir. Prezidentin övladı hərbi xidmətə gedirsə, bu, artıq hər bir Azərbaycan insanını “övladımı necə hərbi xidmətdən kənarlaşdırım” düşüncəsindən uzaq saxlayır. Bunun özü Azərbaycan məmurlarına bir mesajdır. Ona görə ki, hər bir nazirin, hər bir deputatın, hər bir biznesmenin övladı Vətənin keşiyində durmalıdır, dövlət qarşısındakı borcunu yerinə yetirməlidir. Eyni zamanda, bütün bunların hamısını bir kənara qoysaq, valideyinin öz övladını hərbi xidmətə yola salması dünyanın ən müqəddəs anıdır. Mən də övladımı hərbi xidmətə yola salmışam, bu hissləri çox gözəl başa düşürəm. Bunların hamısı insani hisslər və duyğulardır”.
F.İbrahimli vurğuladı ki, bütün bunların dövlət başçısı səviyyəsində birləşməsi isə kompleks şəkildə belə bir düşüncə yaradır ki, Vətənin keşiyində duran, Milli Ordusunda xidmət edən hər bir kəs xoşbəxt insandır:
“Bununla cənab Prezident həm də öz övladına bir əxlaq dərsi verir ki, övladım, sən də adi vətəndaşlardan biri kimi hərbi xidmətdə olmalısan. Bunların hamısı ibrətamiz addımlardır və hər bir insanı qürurlandıran məqamlardır”.
Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var idi.
Elgün MƏNSİMOV
AzNews.az