AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə Prezident İlham Əliyevin dəstəyi ilə ali təhsilin magistratura pilləsinin təşkil olunduğunu bildirən A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib.
AMEA rəhbəri qeyd edib ki, akademiyada təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçəcək, elmin son nailiyyətləri ilə tanış olacaq, müasir və perspektivli mövzulara həsr olunmuş dissertasiyalar müdafiə edəcək, görkəmli alimlərlə ünsiyyət quracaqlar.
AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. O, 2018-2019-cu tədris ili üçün akademiyanın magistraturasına 19 ixtisas, 49 ixtisaslaşma üzrə 67 nəfərin daxil olduğunu bildirib. Bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1124 bakalavrın iştirak etdiyini deyən Ə.Sadıqov qəbul olunan tələbələrdən 13-ün 112-dən yüksək bal topladığını diqqətə çatdırıb.
Alim bu il ilk dəfə olaraq, rus və Azərbaycan dillərində AMEA-nın magistraturasına qəbulun ayrılıqda elan edildiyini bildirib.
Sonda AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.
AzNews.az