Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

17 Sentyabr 2018 18:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.

Başçəkmə zamanı MSY-də saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin yekununda MSY rəisi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

AzNews.az