“31 Mart“ dəhşəti - Tarixi faktlar

31 Mart 2013 12:26 (UTC+04:00)

31 mart Azərbaycanda soyqırım günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan Fövqəladə İstintaq Komissiyasının üzvləri A.Novatski və A.Kluqenin məruzələrində göstərilir ki, 1918-ci ilin mart hadisələri zamanı 3 gün ərzində, erməni daşnak-bolşevik silahlı dəstələri S.Şaumyanın rəhbərliyi altında, təkcə Bakı şəhərində 30 min insan qətlə yetirmişdir. Şamaxı qəzasında 58 kənd dağıdılmış, 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmişdir. Quba qəzasında 122 kənd, Qarabağın dağlıq hissəsində 150 kənd, Qars vilayətində 92 kənd yerlə-yeksan edilmiş, əhalisi isə dildərgin salınmışdır.

Azərbaycanın görkəmli tarixçi alimi, AMEA-nın müxbir üzvi Y.Mahmudov arxiv sənədləri əsasında dəqiqləşdirmişdir ki, indiki Ermənstan Respublikasının ərazisində 1918-1920-ci illər ərzində İrəvan Quberniyasında (indiki Yerevan) 211 müsəlman kəndləri yandırılmış və 22 min nəfər öldürülmüşdür. Erməni dilində nəşr olunan "Aşxadavor" ("Zəhmətkeş") qəzetinin 2 noyabr 1919-cu il, 231-ci sayında göstərilirdi ki: "ancaq İrəvan şəhəri və onun ətrafındakı 88 kənddə 1920 ev yandırılmış və 131 970 nəfər türk öldürülmüşdür". Həmin illər ərzində Zəngəzur mahalında (indiki Sisiyan və Qafan) 112 kənd dağıdılmış, 10 min nəfər məhv edilmiş və 50 min nəfər qovulmuş; Göycə mahalında (indiki Çambarak və Vardanes) 22 kənd dağıdılmış və 22 min nəfər öldürülmüş; Dərələyəz mahalında (indiki Exnadzor və Vayk) 7695 ev yandırılmış və 57 530 nəfər öldürülmüşdür. AMEA İnsan Hüquqları İnstitutunun araşdırıcı qrupu tərəfindən müəyyənləşdirilmişdir ki, təkcə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən 400 min azəri türkü, 120 min gürcü, 22 min ləzgi, 15 min kürd və 3 minə qədər yəhudi öldürülmüşdür.

Əlbəttə, ermənilər tərəfindən tonqallarda yandırılan körpə uşaqları, qarınları xəncərlə yırtılmış hamilə qadınları, üzlərinə bıçaq, xəncər və süngü ilə xaç şəkli çəkilmiş qızları, ayaqları nallanmış gəncləri, kürəklərinə qaynar samovar bağlanmış oğlanları, başlarına mismar çalınmış cavanları, qulaqları, bədənlərinin müxtəlif orqanları kəsilmiş kişiləri, yem üçün quduz itlərə atılan məsum körpələri, kəsilmiş saçlarından çatı toxunan qadınları, kürəklərinə qızdırılmış dəmirlə möhür vurulmuş günahsız insanları, ağlasığmaz işgəncələrdən sonra çılpaq-çılpaq ağacdan asılmış qocaları, deyilməsi və yazılması mümkün olmayan işgəncələri unutmaqmı olar? Quldur daşnakların viran etdiyi yüzlərlə Azərbaycan kəndlərini yaddan çıxarmaqmı olarmı?

Andranik, Qay, Yapo, Keri, Sancan, Aşot, Saqo, Murad, Soqrad, Baqrat, Aram, Beda, Konyan, Njde, Dro, Lalayan, Saatsazbəyov, Ter-Akopov, Purimyan, Sarkisyan, Hamazasp, Şaumyan kimi qaniçən xmbapetlərin silahsız müsəlmanlara tutduqları divanlar birmi, ikimi, üçmü?..
1932-ci ildə Z.Korkodyanın İrəvanda çap olunmuş "Sovet Ermənistanının əhalisi. 1831-1931" kitabında gösətərilmişdir ki, əgər Ermənistanda 1918-ci ildə 575 min azəri türkü var idisə, artıq 1920-ci ildə onların sayı 10 minə düşmüşdü. Qalanları isə ya qırılmış, ya da deportasiya olunmuşdur.

25 sentyabr 1918-ci ildə "Azərbaycan" qəzeti yazırdı: "Türkiyənin Avropa müharibəsində iştirakında daşnaklar özlərinin böyük arzularını ən yaxın vaxtlarda həyata keçirtmək imkanı gördülər. Lakin "Böyük Ermənistan" xülyası etnik cəhətdən təmiz ərazinin yaradılmasını tələb edirdi. Və əvvəlcə Qars və Qars vilayətinin müsəlman əhalisinin sistematik sürətdə döyülməsi başlayır".

Diqqətinizi belə bir fakta cəlb etmək istəyirik ki, rəsmi tarixdə göstərildiyi kimi Qars vilayətində türk qoşunları deyil, məhz erməni qoşunları cinayət və dəhşətlər törətmişdi. "Azərbaycan" qəzeti 13 noyabr 1918-ci ildə yazırdı: " İrəvan quberniyasının hər yerində müsəlmanların həyatı tükdən asılı idi; bu vaxt erməni ştabının əmrilə 200-dən çox müsəlman kəndi qılıncdan keçirilmiş, yandırılmış və 200 minə yaxın müsəlman kəndlisi evsiz-eşiksiz qalmışdı; bütün bunlara aclıq və xəstəlik də əlavə edilmişdi".

Qars vilayətində erməni qoşunları dinc əhaliyə qarşı qəddarlığının həddi olmayan vuruşa başladılar. Bu, həmin erməni hərbi hissələri idi ki, "Brest-Litovsk" sülh müqaviləsinə görə Rusiya Respublikası bunları tərxis edib buraxmalıydı. Ermənilər özləri Qarsın dinc əhalisinə qarşı daşnak başkəsənlərinin göstərdikləri vəhşilikləri qismən də olsa təsdiq edirdilər. 30 iyun 1930-cu ildə ermənicə "Kommunist" qəzetində dərc edilmiş "Müstəqil Ermənistan" məqaləsində qeyd edilirdi: "On illərlə ya ölüm, ya azadlıq",- deyə bağıran daşnak qatillər, avanturistlər və satqınlar, quldur mauzerçilər... inqilabi Bakını hədələyirlər". Qars vilayəti azad edildikdən sonra türk ali baş komandanlığı Qafqaz cəbhəsindəki qüvvələri yenidən təşkil edib, 4 və 1-ci ordu korpuslarını Yaqub Şövqi paşanın komandanlığı altında Qars qoşunları qrupunda birləşdirdi. Qars qoşunları qrupunun qarşısına keçmiş İrəvan quberniyasının bütün bölgələrini tutmaq və burada yaşayan müsəlman əhalini müdafiəsi və himayəsi altına götürmək vəzifəsi qoyulmuşdu.

8 may 1918-ci ildə 1-ci ordu korpusunun komandiri, general Kazım Qarabəkir paşa Gümrünü (Aleksandropolu) tutmaq əmri aldı. 10 may 1918-ci ildə türk qoşunları Arpaçayı keçdilər, şimaldan və cənubdan Gümrüyə yaxınlaşmağa başladılar və mayın 15-də günün sonuna yaxın türk qoşunları şəhəri tutdular. Türk qoşunlarının irəliləməsi daşnaklar arasına vəlvələ salmışdı. 1918-ci ilin noyabrında Cənub-Qərbi Qafqazın müsəlman əhalisi daşnak qırğınlarından xilas olmaq üçün kömək məqsədilə ilk dəfə olaraq ADR-ə üz tutdu. Məğlub edilmiş Osmanlı imperiyası öz xalqına və qardaşlarına - İrəvan quberniyasının azəri türklərinə bu köməyi göstərmək iqtidarında deyildi.

Artıq 1918-ci il noyabrın 4-də "Türkiyə ilə həmsərhəd qəzalara köçmüş" İrəvan quberniyası müsəlmanlarının nümayəndələri Bakıya gəlmişdilər ki, özlərinin faciəli vəziyyətləri haqqında məlumat versinlər. Türk qoşunlarının köçürülməsi başlamışdı, lakin qoşunlar hissə-hissə çıxırdılar. Buna baxmayaraq, müsəlmanların nümayəndə heyəti Azərbaycana müraciət etməyi və qırğının qarşısını almağa kömək istəməyi özünün borcu hesab etdi. Bununla əlaqədar olaraq "Azərbaycan" qəzeti 4 noyabr 1918-ci ildə yazırdı: "Bütün Zaqafqaziyada erməni-müsəlman münasibətlərinin qurbanı olmuş İrəvan müsəlmanlarının səsini bütün Azərbaycan xalqı eşitməlidir. İrəvan quberniyasının sağ qalmış müsəlman əhalisinin məhv olmaqdan xilas etmək üçün hər şey etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur".

1923-cü ilin mart ayında daşnak liderlərindən biri Ovanes Kaçaznuni Buxarestdə "Daşnaksütun"-artıq heç nə etməməli" kitabında yazırdı: "Biz ermənilər qəribə xalqığ. Əvvəlcə özümüz özümüzü nəyəsə inandırırıq. Sonra başqalarını inandırmaq istəyirik. Başqaları bizə inanmadıqda isə biz onlardan inciyirik".

ABŞ-dakı erməni lobbisi inadkarlıqla Ermənistan mandatı almaq istəyirdi. Bu məqsəd qabarıq sürətdə Qafqazda ingilis-amerikan siyasətində həyata keçirilirdi. 1918-ci il noyabrın 28-də hərbi komitənin iclasında Lloyd Corc və Kerzon Ermənistan və Konstantinopolun Amerikanın iradəsi altına verilməsi haqqında fikir irəli sürdülər. Bu fikirlərə tərəfdar olan Vilson da qeyd edirdi ki: "Ermənistan özü bir tərəfdən türklərə, digər tərəfdən isə bolşeviklərə qarşı müqavimət göstərəbilməz". ( L. Djordj. Pravda o mirnıx pereqovorax, t. II, M., 1957. s. 389.)

Bu ölkələrin başçılarının belə mövqeyi ermənilərin iştahını daha da qıcıqlandırır, onlarda belə illuziya yaradırdı ki, hər şeyə izin verilir. Odur ki, daşnaklar "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddialarını açıq sürətdə bildirirdilər. Ermənistanın bu siyasəti Sove t İttifaqı zamanı da davam etmişdir. 1947-ci ilin dekabr ayının 23-də SSRİ Nazirlər Soveti "Ermənstan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 Saylı Qərar qəbul etmişdir. Həmin qərarın birinci bəndinə görə, 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər və 1950-ci ildə 50 min nəfər azərbaycanlı köçürülməli idi. Lakin 1948-1952-ci illər ərzində Ermənistan SSR-nin 183 kəndi boşaldılaraq 144 654 nəfər azəri türkü sürgün olunmuşdur.

Onların da əksəriyyəti dağlıq şəraitdən birbaşa aran zonasına köçürüldüyünə görə, iqlimə adaptasiya ola bilməmiş və məhv olmuşdur. Çox maraqlıdır ki, bu insanların qırılacağı barədə azəri türklərinin fikirləri Ermənistan SSR-nin Daxili işlər naziri, general-mayor Qriqoryan 3 may 1948-ci ildə SSRİ DİN-ə göndərdiyi "Azərbaycan SSR-yə köçürüləcək Ermənstanın azərbaycanlı əhalisinin əhval-ruhiyyəsi haqqındakı" 01/3745 Saylı məxfi arayışında göstərilsədə, Moskva bunu qulaqardına vurmuşdur. Məxfi arayışda deyilir: "Sisyan rayonunun Comərdli kəndində yaşayan Cəlal Qurbanov həmkəndlilərinə demişdir: "... Çoxları bilmir ki, Azərbaycanda necə istilər olur. 1918-ci ildə biz Ermənistandan Naxçıvana qaçmışdıq. O zaman biz 14 nəfər idik. İki ildən sonra 3 nəfər qaldıq. Qalan 11 nəfər istidən və xəstəlikdən öldü. Aran zonası Naxçıvanla müqayisədə daha dəhşətlidir. Biz çox itgi verəcəyik".

Güclə deportasiya olunanların əvəzinə isə Yunanstan, Suriya, Livan, Bolqarstan, İran, Rumıniya, ABŞ, Fransa, Fələstin və Misirdən 95 400 nəfər erməni köçürülmüşdür. Bunlar tarixi faktlardır və danılması da mümkün deyildir.

(Ardı var)