Direktor və işçiləri həbs edildi - Sosial şəbəkədə yayılan videoya görə

20 Sentyabr 2018 17:08 (UTC+04:00)

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib D.Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

*****

11:41

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhər Xətai rayonu ərazisində, Əhmədlidəki marketdən yağ oğurlayan şəxsin həmin marketin rəhbəri və daha 2 nəfər tərəfindən tutularaq döyülməsi hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdən məlum olurdu ki, market işçiləri mağazadan yağ oğurlayan şəxsi təqib edərək tutub və onu təpiklərinin altına salaraq döyüblər.

Hadisənin görüntüləri yayılandan sonra məsələyə ictimai qınaq artıb və tanınmış insanlar da bu hadisəyə reaksiya göstərərk yağ oğurlayan şəxsin bu formada döyülməsinə etiraz ediblər. Artıq hüquq-mühafizə orqanları da məsələni araşdırıb və yağ götürüb qaçan şəxsin döyülməsinə görə araşdırmalara başlanılıb. Publika.az-ın əldə etdiyi məlumata görə, artıq vətəndaşı döyən şəxslərin 3-ü də həbs edilib.

Həmin videonu təqdim edirik.

AzNews.az