Hərbçilərimiz beynəlxalq kurslarda iştirak edəcəklər

1 Aprel 2013 09:22 (UTC+04:00)
Azərbaycan hərbçiləri NATO və bir sıra ölkələrlə imzalanmış əməkdaşlıq proqramları çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 3 və 4-də Almaniyanın Hürt şəhərində Verifikasiya heyəti üçün alman dili kursu, aprelin 4-dən 13-dək Slovakiyanın Liptovski-Mikulaş şəhərində 10-cu Beynəlxalq qərargah zabitlər kursu, aprelin 6-dan 9-dək Fransanın Nitsa şəhərində "Avropa psixiatrlarının 21-ci konqresi", Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 8-dən mayın 3-dək Yalova şəhərində "Qlobal dəniz təhlükələri və təhlükəsizlik sistemi kursu", Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 9-dan 12-dək Litvanın Kaunas şəhərində Döyüşdə yaralanmışlara hospitala aparılmazdan əvvəl tibbi xidmət kursu keçiriləcək.

Azərbaycan hərbçilərinin həmçinin ABŞ ilə imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində keçirilən bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. ABŞ ilə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 9-dan 12-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində "Parlament – hərbi əlaqələri və nəzarət", aprelin 10-dan 2014-cü il martın 4-dək San-Antoniyo şəhərində "Motoatıcı kapitanları" kursu, aprelin 10-dan noyabrın 19-dək isə "Artilleriya kapitanları" kursu keçiriləcək.

AzNews.az