Dəbdəbədən uzaq prezident- Siyasi tablo

1 Aprel 2013 10:21 (UTC+04:00)


Çoxları Mursini Misiri radikal islam ölkəsi elan edəcəyindən çəkinsə də, hazırda Misirdəki mövcud vəziyyət bundan xəbər vermir.

Düşmənlərində Məhəmməd Mursiyə qıcıq yaradan səbəblər az deyil. O başqa prezidentlərə bənzəmir. Adi vətəndaş kimi geyinir, varlı deyil, məscidə tez-tez gedir və rəsmi geyimlərdən istifadə etmir.

Misirdə Mübarəkdən sonra hakimiyyətə gələn prezidentə qarşı münasibət birmənalı deyil. Səbəb isə Məhəmməd Mursinin "Müsəlman qardaşları" cəmiyyətinin fəal üzvü olmasındadır.
O, hakimiyyətə gəldiyi ilk həftə ərzinə xalqın böyük hissəsinin sevgisini qazana bildi.
Məhəmməd Mursi hazırda evlidir. 1 qızı, 4 oğlu və 3 nəvəsi var.

Adi vətəndaş, sadə insan, itaətkar müsəlman....

Prezident postuna əyləşdiyi ilk gündən etibarən prezident sarayının dəbdəbəsini azaltmağı, özü Qahirə yollarından keçərkən digər küçələri, nəqliyyatı dayandırmamağı və saray işçilərinin normal qidalanmalarına göstəriş verdi.

Çoxları onun həyat tərzini Camal Əbdül Nasirin həyatına bənzədirlər. Bəziləri Mursinin özünü Nasirə oxşatdığını istisna etmirlər. Mursinin həyat yoldaşı Nəcla Mursi də Camal Əbdül Nazirin həyat yoldaşı kimi siyasi və ictimai fəaliyyətdən uzaq olacağını deyir. Bu isə indiki dönəm üçün qeyri-adi bir hadisədir. Çünki bu gün bütün dünya liderlərinin xanımları həyat yoldaşları ilə birgə siyasi və ictimai həyatda aktiv fəaliyyət göstərirlər. Hətta Məhəmməd Mursinin həyat yoldaşı jurnalistlərə müsahibəsində bildirib ki, o prezidentin sarayında deyil, əvvəllər də yaşadığı Zakazik şəhərində yaşamaq fikrindədir.

And içmə mərasimindən sonra prezident bildirib ki, onun hakimiyyətdə olduğu müddətdə heç bir misirli xanım ölkədə yüksək vəzifə tuta bilməz. Bu mənada Mursi öz radikallığı və mühafizəkarlığı ilə digər prezidentlərdən çox fərqlənir.

Tərcümeyi-hal

Məhəmməd Mursi 1951-ci ilin avqustunda Misirin Şərqiyə vilayətində anadan olub. İlk təhsilini doğulduğu şəhərdə alıb. Sonra Qahirə universitetində mühəndislik ixtisası üzrə bakalavr və magistr dərəcələri alıb.

1982-ci ildə Cənubi Kaliforniya Universitetində doktorluq disertasiyası müdafiə etdikdən sonra, 1985-ci ilə qədər elə həmin universitetdə müəllim işləyib.
Həmin ildə Mursi Misirə qayıdaraq fəaliyyətini öz ölkəsində, Əz-Zəkəriyya universitetində davam etdirməyə başlayır. 1992-ci ildən etibarən o vaxtlar Misirdə qadağan edilən "Müsəlman qardaşları" cəmiyyətində üzv olur və cəmiyyətin bütün dərnəklərində fəal iştirakı ilə seçilməyə başlayır.
2000-2005-ci illər ərzində isə Mursi Misir parlamentinin aşağı palatasının deputatı vəzifəsində çalışıb. 2006-cı ildə hökumət əleyhinə təşkil edilən mitinqdə iştirak edib.

Hakimiyyətə gəlişi

Misirin beşinci prezidenti Mursi ölkədə uzun müddət davam edən vətəndaş müharibəsindən sonra hakimiyyətə gəldi
Öncə ölkədə 1 ildən artıq davam edən vətəndaş müharibəsi, sonra xalqın inamının sıfıra endiyi bir vaxtda prezident seçilmək asan deyildi.
Seçkilər və nəticələrin açıqlanmasından sonra yaranan problemlər onu ruhdan salmadı.
2011-ci ildə Misirdə hökumət əleyhinə başlayan çıxışlarda "Müsəlman qardaşları" cəmiyyəti üzvləri fəal iştirak etməyə başladı. Sonra cəmiyyət lideri Məhəmməd Mursi olan "Azadlıq və Ədalət" partiyası təşkil edir. Bu partiya Mursinin rəhbərliyi ilə qısa zaman ərzində ölkədə radikal islamçıların dəstəyini qazanır.

2012-ci ildə seçkilərin birinci mərhələsində 5 milyondan artıq səs toplayaraq ikinci mərhələyə keçid alır. İyunun 16-17-si ikinci turda isə rəqibi Əhməd Şəfiqdən çox səs toplayaraq ölkənin prezidenti seçilir.

Aynur Hüseynova
AzNews.az