Uşaq bağçalarında zəhərlənən uşaqların sayı 26-ya çatıb - YENİLƏNİB

22 Sentyabr 2018 14:15 (UTC+04:00)

AzNews.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, ümumilikdə, 26 uşaq zəhərlənmə əlamətləri ilə xəstəxanalara yerləşdirilib. Onların bəziləri artıq evə buraxılıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Paata İmnadze uşaqlarda bağırsaq infeksiyasının olduğunu bildirib.

“İnfeksiyaya səbəb olan qida məhsulunu müəyyən etmək üçün araşdırmalar aparılır. Bağçaların təmin olunduğu bütün ərzaq məhsulları yoxlanılır”.

Araşdırmalarla əlaqədar Tsxaltubo bələdiyyəsindəki uşaq bağçalarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

*** 12:45

Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, uşaqlar Kutaisi Şəhər Xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirir.

AzNews.az