Dəhşətli cinayətin üstü açıldı

1 Aprel 2013 11:40 (UTC+04:00)


Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Şəbnəm Dünyamalıyevanın qardaşı Vasif tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Tərtər rayon Polis Şöbəsinə rayonun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın Bakıda öldükdən sonra həmin kəndə dəfn edilməsi barədə məlumat daxil olub. İlkin məlumatda bildirilib ki, gənc qız atası Nemət və qardaşı Vasif tərəfindən uzun müddət zorakılığa məruz qalıb, ona işgəncələr verilib. Bu səbəbdən də Ş.Dünyamalıyeva dərman içərək intihar edib. Əməliyyat məlumatı daxil olan kimi araşdırmalara başlanılıb.

Ş.Dünyamalıyevanın tez-tələsik dəfn edilmiş nəşi eksqumasiya edilib. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri və kəsici alətlə yetirilmiş xəsarətlər aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Hazırda Qapanlı kənd sakininin hansı şəraitdə ölməsi, öldürülməsi və ya intihar etməsi və digər suallar ətrafında zəruri istintaq tədbirləri aparılır.

AzNews.az