"Azərbaycanda abortların sayı hər il artır"

1 Aprel 2013 13:32 (UTC+04:00)
Son 9 il ərzində abort faktının azı 11 min artdığı məlum olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumatda bildirilir ki, son 3 ildə təkcə abort edən 19 yaşlı qadınların sayı 2070 nəfər olub. Qeyd olunub ki, Azərbaycanda ən çox 25-29 yaşlı qadınlar abort elətdirirlər. Belələrinin sayı 3 il ərzində 17425 nəfər olub. 35-49 yaşlı qadınların payına isə 3 il ərzində 10488 abort düşüb: "Bunlar rəsmi statistikadır. Nəzərə alsaq ki, tibb müəssisələrindən kənarda, bəzən evlərdə də bu gün abortlar həyata keçirilir, onda mənzərə daha qorxulu olur. Belə ki, hazırda açıq-aydın görünməsə də, bu gələcəkdə demoqrafik problemə çevrilə bilər".

O da bildirilib ki, qeyri-rəsmi statistikaya görə, 100 hamilə qadından 30-u abort etdirir. Bu isə abortların səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Sosioloqlar hesab edirlər ki, bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması çətinləşə bilər: "

Həm sosioloqlar, həm də həkimlər qeyd edirlər ki, həm kişilər, həm də qadınlar öz reproduktiv sağlamlıqlarının qeydinə qalmırlar. Əhalinin müxtəlif yaş qrupları arasında, orta və orta ixtisas məktəblərin yuxarı sinif şagirdləri və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında bu məsələ ilə əlaqədar maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Eyni zamanda, abort məqsədi ilə qadın məsləhətxanalarına, xəstəxanalarına müraciət edən hamilə qadınları fikirlərindən daşındırmaq üçün həkimlər abortun fəsadları, psixoloqlar isə bunun psixi cəhətdən törədə biləcəyi problemləri onların nəzərinə çatdırmalıdırlar".

AzNews.az