Əli Kərimli Oqtay Gülalıyevə paritya yaradacaq? - Siyasi rakurs

24 Sentyabr 2018 16:07 (UTC+04:00)

KXCP-də baş verən qarşıdurmaların kökündə AXCP sədri Əli Kərimlinin “barmağının” olması artıq sirr deyil. Daha dəqiq desək, Mirmahmud Mirəlioğlunun sədri olduğu partiyanı birdəfəlik çökdürmək üçün məhz “klassiklərin” nümayəndəsi Oqtay Gülalıyev “kartından” istifadə edən Ə.Kərimli bunun qarşılığında O.Gülalıyevə yeni siyasi partiya yaratmasına kömək edəcəyini vəd verib. Halbuki, daha öncə Gülalıyevin KXCP-də sədr seçilmək iddiasının olduğu bildirilirdi. Belə ki, “klassiklərin” qurultayı ərəfəsində yaşanan qalmaqallara əsas səbəblərdən biri də O.Gülalıyevin ali məclis üzvlüyündən çıxarılması olmuşdu.

Oqtay Gülalıyevin bütövlükdə KXCP-dən çıxarılması planlaşdırılır

M.Mirəlioğlu bunu belə əsaslandırmışdı ki, O.Gülalıyev KXCP-nin “Milli Şura”da təmsil olunmamasına rəğmən, həmin qurumda təmsil olunmaqla yanaşı, həmçinin koordinasiya şurasına üzvdür. Beləliklə, Gülalıyevin KXCP-nin qərarlarına hörmətsiz davrandığı əsas gətirilərək, onun ali məclisə üzvlük postundan uzaqlaşdırılması barədə qərar verilib. Hazırda isə, onun bütövlükdə partiya sıralarından xaric edilməsi planlaşdırılır.

Bu arada, KXCP sədri M.Mirəlioğlu bildirib ki, son vaxtlar rəhbərlik etdiyi siyasi təşkilata qarşı hücumlar olunur və bunun da kökündə AXCP sədri Ə.Kərimlinin dayanması kimsədə şübhə yaratmır. “Ciddi təşkilatlar haqqında çox iddialar irəli sürülə bilər, ancaq onları yerinə yetirmək mümkün olmaz”, deyən Mirəlioğlu bu gərginlik yaratma cəhdlərinin heç bir nəticə verməyəcəyini bildirib. Ancaq görünən budur ki, gərginlik həqiqətən də var və bununla yanaşı, O.Gülalıyevin KXCP-də tərəfdarları da meydana çıxaraq, onun mövqeyini müdafiə edirlər. Əgər M.Mirəlioğlu və tərəfdarları bu gərginlik həddini aşa bilərlərsə, qurultaydan sonra siyasi təşkilatdan xeyli insanın çıxarılacağını istisna etmək olmaz.

Əli Kərimli tərəfindən yaradılacaq partiya AXCP-nin “peyki” olacaq?

Yuxarıda da qeyd etdiyimi kimi, Güləliyevin Mirəlioğluna qarşı bu cür ayaqlanmasının arxasında Kərimlinin dayandığı bu və ya digər şəkildə isbatlanıb.

Lakin əvvəllcə Gülalıyevin sədrlik uğrunda mübarizə aaracağı deyilirdisə, indi KXCP-nin tam şəkildə siyasi arenadan silinməsi planı işlənib. Ə.Kərimli O.Gülalıyevə bunun yerinə yeni və daha səmərəli siyasi təşkilat yaradacağını deməklə, onu bu işdə həvəsləndirib. Əgər AXCP sədrinin planı baş tutarsa, KXCP-ni iflasa uğrada bilərsə, O.Gülalıyev üçün vəd edilən siyasi təşkilat yaradılacaq və həmin təşkilat bilavasitə AXCP-nin “peyk” partiyası kimi fəaliyyət göstərəcək.

Ancaq bu planların nə qədər tez realizə ediləcəyini də demək olmaz. Çünki baş verənlərdən xəbərdar olan M.Mirəlioğlu və onun tərəfdarları bütün mənalarda hazırlıq işləri görüblər. Məqsəd isə belədir: ediləcək hər bir mümkün hücumun qarşısını almaq.

Mirmahmud Mirəlioğlu əslində, hazırladıqları qabaqlayıcı planlarının açığa çıxmasından ehtiyat edir

Çox yəqin ki, sözügedən məsələyə dair sualları cavablandırmaqdan yayınan M.Mirəlioğlu əslində, hazırladıqları qabaqlayıcı planlarının açığa çıxmasından ehtiyat edir. Bu baxımdan, jurnalistlərin verdiyi cavabı da bu cürdür: “Başqa sualınız varsa, buyurun, ancaq bu məsələ mənim maraq dairəmdə deyil. Düzdür, bu məlumatlar bizim partiya barəsindədir, ciddi təşkilatlar haqqında çox iddialar irəli sürülə bilər, ancaq onları yerinə yetirmək mümkün olmaz. Ona görə də, məni məzur tutun, bu sualınızı cavablandırmıram”.

Nəticə etibarilə belə qənaətə gələ bilərik ki, artıq yaxın günlərdə O.Gülalıyev vasitəsilə KXCP-də savaş cəbhəsi açan Ə.Kərimli gec, ya da tez özü bu savaşı açıq elan edəcək və bu qarşıdurma AXCP-KXCP ziddiyyəti olaraq qiymətləndiriləcək. (sia.az)

AzNews.az