“Naxçıvan çox nadir bir məkandır” - İtaliyalı diplomat

25 Sentyabr 2018 18:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində İtaliyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Umberto Boeri deyib.

Diplomat qeyd edib ki, səfər müddətində yerli sakinlərin qonaqpərvərliyi, mehribançılığı ilə əhatə olunub: “Göstərilən qonaqpərvərlik məni çox məmnun etdi. Xüsusilə yerli restoranların birində yemək yeyərkən italyan musiqisinin səsləndirilməsi mənim üçün gözlənilməz oldu. Özümü sanki ölkəmdə hiss etdim”.

O vurğulayıb ki, Naxçıvan mədəni zənginliyinə görə nadir bir məkandır. “Səmimi etiraf edim ki, gələcəkdə vaxtım olarsa, buraya tez-tez gəlməyi düşünürəm”, - deyə diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.

AzNews.az