Gülər Əhmədova işində şok gəlişmə: “10 günə bitirin!” - Yeniləndi

1 Aprel 2013 16:26 (UTC+04:00)


Hazırda istintaq altında olan sabiq Gülər Əhmədovanın işiylə bağlı AzNews.az xəbər portalına yeni məlumatlar daxil olub. Mənbəmizin sözlərinə görə, istintaq yaxın günlərdə yekunlaşacaq və ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürüləcək.

Əldə etdiyimiz informasiyada bildirilir ki, prokurorluğa istintaqı yaxın 10 gün ərzində yekunlaşdırmaq tapşırığı verilib. Buna görə də istintaq ayının 15-nə kimi yekun qərarı hazırlanacaq. Aprelin 19-da isə işə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərəcək.


Məlumat üçün bildirək ki, Gülər Əhmədova keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində yalan vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.

Dələduzluq maddəsi ilə cinayət işinin açılmasına səbəb isə Abdullayevin Gülər Əhmədova ilə bağlı mediada yaydığı video çəkilişlərdə əks olunan məlumatlar olub. Bunlar əsasında Cinayət Məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə (178.3.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Ona qarşı eyni zamanda "Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə" maddəsi ilə də iş açılıb. Buna səbəb isə Sevinc Babayevanın dələduzluqda ittiham edilərək haqqında axtarış verilməsindən sonra sabiq millət vəkilinin onu gizli şəkildə Türkiyəyə yollaması olub.

Əldə etdiyimiz məlumata görə, sabiq deputat 3 maddə ilə ittiham olunacaq. 178-ci maddənin 1 və 2-ci hissələri, 307.1 və 309.2 maddələri ilə.

Sonda bildirək ki, dələduzluq maddəsi təsdiqlənərsə, Əhmədovaya 7-12 il, cinayəti gizlətmə maddəsinə görə isə 2-5 min manat və ya 3 ilədək həbs cəzası verilə bilər. Ona qarşı daha bir maddə ilə ittihamın irəli sürülməsi isə cəzanı bir qədər də ağırlaşdıracaq.

Orxan
AzNews.az