“Zaurla artıq “NİDA“dan 7-ci adamdır ki, girov götürülür“

1 Aprel 2013 17:49 (UTC+04:00)
Bir qədər əvvəl NİDA Gənclər Hərəkatının daha bir üzvü, Zaur Qurbanlı həbs edilib. Həbsi Deyerler.org-a təsdiqləyən NİDA məsullarından Turqut Qəmbər vəziyyətlə bağlı qafqaz.info-ya deyib:

"Zaurla artıq "NİDA"dan 7-ci adamdır ki, oğurlanır, hakimiyyət tərəfindən girov götürülür. Buna münasibət birmənalıdır. Burada motiv aydındır ki, hakimiyyət bizi sadəcə məhv etmək istəyir. Bu bəlkə də son dövrlərdə presedenti olmayan hücumdur. Heç bir təşkilata, quruma qarşı xeyli müddətdir ki, belə hücum olmayıb. Eyni vaxtda bir təşkilatın 7 üzvü hər hansı bir səbəb olmadan həbs olunur.

Əlimizdən gələni edəcəyik ki, bu hakimiyyəti yerinə oturdaq, onların bu mənasız addımlarının qarşısını alaq. Çünki əgər hakimiyyət burada "NİDA"nı sındırmağa müvəffəq olsa, bundan sonra ölkədəki bütün proses xeyli zəifləyəcək. Ona görə də tək NİDA deyil, onun bütün müttəfiqləri, gəncliyə dəstək verən bütün qüvvələr burada hamısı bir yerdə olmalıdır və hamımız bir yerdə bu hakimiyyətə qarşı mübarizə aparmalıyıq".

Həftəsonu məhkəməyə çağırılan Turqut Qəmbər özü ilə aparılan prosesdə də həbs edilə biləcəyini istisna etməib. "Məni Nərimanov Rayon Məhkəməsənin icra şöbəsinə cərimələrimlə bağlı izahat almaq üçün çağırmışdılar. Bildirdim ki, vətəndaş itaətsizliyi kampaniyası ilə əlaqədar qərarlara etiraz olaraq mən cərimələri ödəmək fikrində deyiləm. Mənə bildirildi ki, bu işin sonu cinayət işinin açılması ilə bitə bilər. Yəni, hə, mən də həbs oluna bilərəm", - deyə T.Qəmbər vurğulayıb.

AzNews.az