Agent “Kentavr” 20 yanvarda Bakıda hansı tapşırıqlar yerinə yetirib? - Orduxanın xəyanətkar dosyesi açıldı

27 Sentyabr 2018 13:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qəzetin yazdığına görə, Orduxan 20 Yanvar faciəsi ərəfəsində xüsusi agent kimi Bakıya göndərilib:

“O, 98-ci diviziyanın 217-ci alayının fəaliyyətinə dəstək məqsədilə Bakıya göndərilib. Oxucularımız üçün sirr olmamalıdır ki, hərbi bölmələr hara gedirsə, onların “gözü”, “qulağı”, yəni hərbi kəşfiyyatın agenturası da həmin əraziyə yönləndirilir. Agentura ərazidən məlumatların toplanılması və əməliyyat bölgəsindəki vəziyyətə təsir göstərilməsi üçün istifadə edilir. Bu baxımdan 20 yanvar hadisələri zamanı Orduxanın əsas vəzifəsi barrikadaların qurulduğu ərazilərdə aparıcı rola malik olan milli-azadlıq fəallarının müəyyənləşdirilməsi və həmin şəxslər barədə öz kuratorunu məlumatlandırması olub. Daha dəqiq desək, O.Bəbirov yerli sakin kimi sovet ordu bölmələrini zəruri kəşfiyyat məlumatları ilə təmin edib”.

Qəzet həmçinin qeyd edir ki, zaman-zaman Rusiyada azərbaycanlılara qarşı cinayətlər törədən qruplaşmalarda azərbaycanlıların yer alması faktlarına rast gəlinib. İndi aydın olur ki, bu kriminal mahiyyətli soydaşlarımız Orduxan Bəbirov kimilər, yəni rus kəşfiyyatının agentləri olublar:

“1988-1991-ci illərdə Azərbaycanın ağır, həssas günlərində, ictimai-siyasi həyatında ciddi proseslərin getməsi, o cümlədən Ermənistanın Dağlıq Qarabağla bağlı iddialar irəli sürməsi fonunda O.Bəbirov Sovet hərbi kəşfiyyatındakı kuratorunun tapşırıqlarının icrasını “uğurla” davam etdirib. Orduxanın da vaxtilə xidmət etdiyi 98-ci diviziyanın da iştirakı ilə törədilmiş 20 yanvar faciəsi və xalqımıza qarşı kütləvi silahlı zorakılıq ilə əlaqədar SSRİ-nin müxtəlif yerlərində yaşayan azərbaycanlıların həmin dövrdə etiraz aksiyaları təşkil etməsinə, hərbi xidmət yerlərini tərk edərək Vətənə dönməyə cəhdlər göstərmələrinə baxmayaraq, Bəbirov sovet hakimiyyətinə loyallığını qoruyub və orada sevgi-sayğı ilə missiyasını davam etdirib...

Belə ki, “Desantçı-paraşütçü” Orduxan Bəbirov müddətli hərbi xidmətini başa vurduqdan və xüsusi təlim keçdikdən sonra ələ alınmış agent kimi, onun RF-in müxtəlif şəhərlərində, o cümlədən Rusiyanın ən böyük limanlarından birinin yerləşdiyi Murmansk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən azərbaycanlılara qarşı “reket” əməliyyatlarında iştirakına şərait yaradılıb”

Qəzetin mənbəsi bildirir ki, 1989-cu ildə Orduxanın konfidensial əməkdaşlığa cəlb edilməsi prosesinin yekunlaşması səbəbindən, yəni hərbi xidmət dövründə özünü bir agent kimi təsdiq edə bildiyindən onunla davamlı əməkdaşlığa qərar verilib. Əldə olunmuş informasiyaya görə, hələ 1990-cı ildə bu şəxsin sənədləri sorğu əsasında Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən keçmiş SSRİ Müdafiə Nazirliyinə göndərilib. Mövcud məlumatlara görə, O. Bəbirov “Kentavr” ləqəbi ilə keçmiş sovet hərbi kəşfiyyatının agentura aparatına daxil edilib. “Mərkəz”lə Orduxanın fəaliyyətini isə özünü “Pavel” kimi təqdim edən şəxs əlaqələndirib.

AzNews.az