Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, kurslar zamanı siniflərdə nəzəri cəhətdən, Təlim-Tədris Mərkəzindəki trenajorlarda isə virtual olaraq mənimsənilən vərdişlər poliqonlarda keçirilən praktiki məşğələlərdə və təlim-atış çalışmalarında daha da təkmilləşdirilib.
İxtisas hazırlığı kurslarının uğurla başa çatması münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən zabitlər, əsgərlər və valideynlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli ərazilər ələ keçirilib. Dövlət qayğısını hər zaman üzərində hiss edərək kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin qətiyyəti sayəsində hərb tariximizə qızıl hərflərlə yazılan “Günnüt əməliyyatı” uğurla nəticələnib. İnanırıq ki, hər bir əsgər kurslarda qazandığı biliklərlə bundan sonra da Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaq, xalq-ordu birliyindən ruhlanaraq nümunəvi xidməti ilə valideynlərinə başucalığı gətirəcək.
Tədbirdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözü bağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini praktiki yerinə yetiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra “Əsgər marşı” ifa edilib.
Sonra iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. (AZƏRTAC)
AzNews.az